sehiyye.info

Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqaninin cərrah olmadığı üzə çıxdı

  Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqaninin cərrah olmadığı üzə çıxdı
Həkimlə modelin ölümünə səbəb olan əməliyyatların yeni və ilginc təfərrüatları var...
Azərbaycanda özünü plastik-estetik cərrah kimi təqdim edən, artıq 2 pasiyentinin əlində öldüyü Sirus Qoçqani əslində cərrah deyilmiş! Bununla belə, Sirus Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir.

Bu ilin mayında onun bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. “Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlulandırıblar. Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil. Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi.

O dövrdə Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqani mərhumun yaxınlarından uzaq gəzməyə çalışırdı. Mərhum modelin yaxınlarına xəbər yollamışdı ki, guya əməliyyatdan sonra psixologiyası pozulub.

22 yaşlı modelin anası Sevinc Oruclu qızının vəfatından sonra xəstəxanın anestezioloqunun və icraçı direktorunun onları ziyarət etdiyini, ancaq əməliyyatı həyata keçirən Sirus Qoçqaninin ortalıqda olmadığını açıqlamışdı.

Картинки по запросу Sirus Qoçqani
  Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqaninin cərrah olmadığı üzə çıxdı
Leyla Oruclu Sirus Qoçqani

Onun sözlərindən sitat: “Mən onlara əməliyyatı həyata keçirən həkimin harada olduğunu soruşdum. Mənə dedilər ki, guya onun psixologiyası pozulub. O gündən sonra heç bir əməliyyata girməyib. Gedib hansısa bir rayonda ağacın altında oturub və orada da gizlənib”.

Modelin anası qızının əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu, lakin Sirus Qoçqaninin buna baxmayaraq əməliyyatı gerçəkləşdirdiyini də axar.az-ın müxbirinə demişdi.

Sitat: “Həmin gün saat 6-da əməliyyatdan çıxıb. Qızımı sonra palataya köçürüblər. Palatada Leyla kimi əməliyyatdan çıxan qızlar olub. Onlar da deyirlər ki, Leyla palataya daxil olan kimi onun vəziyyətinin ağır olduğu üzündən görünürdü. Həkimlər 5 dəqiqə sonra Leylanı reanimasiyaya aparıblar. Həmin gün biz gec xəbər tutduq. Reanimasiyaya gəldiyimiz zaman qızımın ölü kimi yatdığını gördüm. Ayın 25-də onu xəstəxanadan götürmüşük. Bədəninin aşağı hissəsi tamamilə hərəkətsiz idi. İlk dəfə yanına girən kimi ”Qızım, məni eşidirsən?" deyə səsləndim. Yalnız qaşlarını tərpədə bildi. 25 iyun saat 11-12 radələrində də dünyasını dəyişdi. Bilirsiz, Leyla çox qorxaq bir insan idi. O elə bilib ki, bu əməliyyat dırnaq qaynağı kimi bir şeydir. Hətta rəfiqəsinə də mesaj yazıb ki, əməliyyatdan sonra görüşüb bulvara gedərik. Filmə baxıb evə dönərik. Düşünüb ki, gəlib yorğun olacağını deyib keçib otağında yatacaq. Ona əgər bu əməliyyatın 1 faiz belə ölüm riski olduğunu desəydilər, heç vaxt əməliyyat olunmazdı. Həm də o, Mübariz həkimin yanında olub. Mən qanla bağlı elan verəndə Mübariz həkim məni yığdı və “axı o qıza əməliyyat olmaz demişdim” dedi. Leylanın 50 kq çəkisi var idi. Mübariz həkim də onun heç bir əməliyyata ehtiyacı olmadığını, sadəcə, psixoloji olaraq başa salınmalı olduğunu dedi. Bu klinika da Mübariz həkimin analizləri ilə əməliyyatı edib. Ancaq analizlərdən də görünür ki, bu adamı əməliyyat etmək olmaz".

Sirus Qoçqani Leyla Oruclunun əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu bilə-bilə onu əməliyyata götürüb. Model əməliyyatdan sonra dünyasını dəyişib. 2 il sonra, yəni 2019-cu ilin mayında Sirus Qoçqani daha bir əks göstərişli pasiyenti olan Sona Gürgün Vəliyevanı da əməliyyata götürüb və nəticə fərqli olmayıb. Bu, Sirus Qoçqani adlı birinin 2 Azərbaycan vətəndaşını öldürməsi haqda faktlardır. Üstəlik, İranın Azərbaycandakı səfirliyi model Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqaninin cərrah olmadığı haqda açıqlama da verib.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev model Leyla Oruclunu əməliyyata götürən Sirus Qoçqani ilə bağlı İran səfirliyi ilə əlaqə saxlanıldığını açıqlamışdı. Demişdi ki, İran səfirliyindən verilən məlumatda bildirilib ki, həmin həkim cərrah ixtisasına sahib deyil. Azərbaycanda isə bu həkim cərrahiyyə əməliyyatlarını həyata keçirir.
  Paytaxtda 2 nəfəri öldürən Sirus Qoçqaninin cərrah olmadığı üzə çıxdı
F.Mehdiyev əcnəbi həkimlərin ölkədə fəaliyyət göstərməsi üçün aidiyyəti qurumlardan icazə alınmalı olduğunu vurğulayıb: “Doğrudur, Sirus Qoçqani icazəli şəkildə ölkədə fəaliyyət göstərsə də, bəzi 1 həftəlik, 10 günlük fəaliyyət üçün ölkəyə gələn həkimlərin çoxu üçün bu icazə alınmır. Bu həkimlərin məsuliyyət daşıması hüquqi əsaslarla tənzimlənir. Bu həkimlər yerli həkimlərlə eyni məsuliyyəti daşıyır. Bu, həm cinayət, həm də mülki məsuliyyətdir. Həkimləri dəvət edən tibb müəssisələri də müvafiq sənədləri yoxlamadan əcnəbi həkimləri işə götürürsə, onda həmin müəssisənin də məsuliyyəti ağırlaşır”.

Hüquqşünas bildirib ki, həkimlər fəaliyyətində yol verdiyi qüsurlara görə cinayət məsuliyyətindən daha çox mülki məsuliyyətə cəlb olunmalıdır: “Çünki bu qəsdli cinayət sayılmır. Ona görə elə həkimlərə tətbiq edilən sanksiyalar aşağıdakılar olmalıdır:

- Lisenziyası müəyyən müddətdə dayandırılmalıdır;

- Təkrar imtahan vermək üçün oxumağa göndərilməlidir;

- Zərərçəkmiş şəxsə, yaxud onun ailəsinə kompensasiya ödəməlidir.

Təəssüflər olsun ki, Azərbaycanda həkimlər zərərçəkmişə ödəməli olduğu pulu rüşvət formasında verərək, məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu sahədə hüquq-mühafizə xidmətləri, məhkəmələr davamlı surətdə işləməlidir".



REKLAM