Geomaqnit qasırğası insult riskini artırır - Həkimlərdən XƏBƏRDARLIQ
“Geomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri ola bilər. Bu, daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər üçün daha çox narahatlıq yaradır”.
Bunu e-tibb.az-a kardioloq Oqtay Musayev deyib.
Onun sözlərinə görə, qeyd olunan xəstəliklərdən əziyyət çəkən, eləcə də yaşlı insanlar elektromaqnit dalğalarında olan dəyişiklikləri daha çox hiss edirlər.
Kardioloq bildirib ki, maqnit qasırğasının təsirləri əsasən bir neçə gün özünü büruzə verir: “Daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bu müddətdə tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları olur”.
O. Musayev geomaqnit qasırğası gözlənilən günlərdə Günəş şüalarının birbaşa təsiri altında və açıq havada olmamağı, saat 10:00-dan saat 17-18-ə kimi bayıra çıxmamağı, sərin yerdə vaxt keçirməyi, gün ərzində 2 litrədək maye qəbul etməyi tövsiyə edib.
Həkim vurğulayıb ki, təzyiq yüksəlməsi, ürək tutmaları, başqa hər hansı narahatlıq yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Nevroloq Nailə Ələkbərova bildirib ki, geomaqnit qasırğası nevroloji xəstəliklər içərisində əsasən insult riskini artırır: “Aparılan tədqiqatlar göstərir ki, Günəşin solar aktivliyi artdıqca müxtəlif yaş qruplarında da insult riski artmış olur. Aşağı dərəcədə geomaqnit qasırğası 7-12 faizə qədər, güclü qasırğa isə 41 faizə qədər insult riskini artıra bilər”.
Mütəxəssis əsasən təzyiq, şəkər xəstələrini, infarkt, insult keçən şəxsləri diqqətli olmağa çağırıb.
Onun sözlərinə görə, insult keçirən xəstələrin bu günlərdə qan təzyiqi, şəkər kimi əlavə problemləri nəzarətdə saxlamaları məsləhətdir: “Bundan başqa, qollarda, ayaqlarda gücsüzlük, görmə pozulması, baş ağrısı kimi şikayətləri olanlar vaxt itirmədən həkimə müraciət etməlidirlər”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, 5-7 avqustda Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə ilk iki gün (5, 6 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir.