sehiyye.info

Konyunktivit və onun növləri

Konyunktivit və onun növləri
Konyunktivit gözün selikli qişasının iltihabı xəstəliyidir. Bu xəstəlik gözün qızarması, qıcıqlanması, “yad cisim” hissiyyatı ilə özünü büruzə verir. Həmçinin səhərlər göz qapaqlarının yapışması və gözdən selik, irin kimi müxtəlif ifrazatın axması ilə müşahidə olunur. Bundan başqa göz qapaqlarında şişkinlik, konyunktivada hiperemiya və yaşaxma qeydə alına bilər.

Bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, konyunktivit bakterial, virus və allergik mənşəli olur. Bakterial konyunktivitin müalicəsində genişspektrli antibiotik damcı və məlhəmlərdən istifadə edilir. Virus konyunktivitində antibiotik müalicə effektiv deyil. Əgər ikincili infeksiya qoşularsa, bu zaman antibiotik damcılardan istifadə etmək lazımdır. Virus konyunktivitinin müalicəsində soyuq kompres, virus əleyhinə damcılar, süni göz yaşı əvəzediciləri tətbiq olunur. Allergik konyunktivitin müalicəsi sensibilizasiyaedici faktorun aradan qaldırılması, antihistamin preparatlar, tosqun hüceyrə stabilizatorları, steroid və qeyri-steroid iltihab əleyhinə vasitələrlə aparılır.



REKLAM