sehiyye.info

Rusiya alimləri qanda şəkərin miqdarını tər ilə ölçəcək üsul hazırlayıblar

Rusiya alimləri qanda şəkərin miqdarını tər ilə ölçəcək üsul hazırlayıblar
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək üsul hazırlayıblar.
Sehiye.info xəbər verir ki, bu yeni metod barədə məlumatı Moskva Dövlət Universitetinin (MDU) mətbuat xidmətindən TASS informasiya agentliyinə bildiriblər.

Məlumatda bildirilir ki, yeni biosensor bədəndəki təri fasiləsiz olaraq analiz edir və qanın tərkibində normadan artıq şəkərin miqdarı barədə xəbərdarlıq edir. MDU-nun kimya fakültəsinin alimləri biosensorun prototipini təqdim ediblər və qeyd ediblər ki, bu yeni cihaz şəkərli diabetdən əziyyət çəkənləri tez-tez qan analizi verməkdən xilas edəcək. Onların sözlərinə görə, yeni biosensor yüz milyonlarla diabetli insanın həyatını yaxşılaşdıracaq.

MDU-nun laboratoriyalarında könüllülər üzərində keçirilən testlər zamanı aydın olub ki, qanda şəkərin miqdarının müəyyən edilməsinin qeyri-invaziv metodu diabetin monitorinqi məqsədilə qanla tər arasında olan korrelyasiyanı ölçməklə həyata keçiriləcək.

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, planetimizdə əhalinin 5 faizi şəkərli diabetdən əziyyət çəkir. Diabet ürək-damar xəstəlikləri, korluq, aşağı ətrafların amputasiyası, böyrəklərin fəaliyyətinin pozulması və digər ağır fəsadlara səbəb olur. Bu xəstəliklərin inkişafının qarşısını almaq üçün diabetdən əziyyət çəkən insanlar qanın tərkibində qlükozanın səviyyəsinin müəyyən normalar daxilində qalmasına nəzarət etməlidirlər. Lakin qan analizi onlarda rahatsızlığa səbəb olur və müəyyən risklər yaradır. Bu səbəbdən alimlər uzun müddətdir ki, qeyri-invaziv metodlar üzərində iş aparırlar. MDU-nun laboratoriyalarında hazırlanmış biosensor prototipi qlükooksidaz fermenti daxil edilmiş platin elektroddan ibarətdir. Onun daxilində tərdə olan qlükoza qlükooksidazla birləşir və nəticədə hidrogen peroksid yaranır. Bu maddə isə dolayısı ilə qlükozanın səviyyəsini müəyyən edir.9Azərtac)



REKLAM