sehiyye.info

Xaçmaz, Gəncə və Şəkidə reproduktiv sağlamlıq üzrə təlimlər keçirilib

Xaçmaz, Gəncə və Şəkidə reproduktiv sağlamlıq üzrə təlimlər keçirilib
Səhiyyə Nazirliyin 2019-cu il 17 yanvar tarixli 6 nömrəli əmri ilə təsdiq olunmuş “2019–cu il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyin mülki müdafiə tədbirləri planı”na əsasən, BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara qarşı hazırlıq sahələrində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi həyata keçirilir. Bu barədə İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən AZƏRTAC-a bildirilib.

Layihənin icrası ilə əlaqədar iyulun 10-11-i Xaçmazda, iyulun 18-19-da Gəncədə humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə MİXP-nin əlaqələndirilməsi və tətbiqi üzrə təlimlər təşkil olunub. Təlimlər, həmçinin iyulun 25-26-da Şəki şəhərində keçiriləcək.

Təlimlər İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov, eləcə də Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun ambulator-diaqnostika şöbəsinin müdiri Gülnarə Rzayeva, 5 nömrəli doğum evinin Qadın məsləhətxanası şöbəsinin müdiri Leyla Məmmədova tərəfindən aparılıb.

Tədbirdə Xaçmaz, Xızı, Siyəzən, Şabran, Xudat, Gəncə, Qazax, Şəmkir, Tovuz, Şəki, Qəbələ, Oğuz, Zaqatala Mərkəzi Rayon xəstəxanalarının baş həkimləri, baş həkim müavinləri, mülki müdafiə üzrə qərargah rəisləri və xəstəxanaların ginekologiya şöbələrinin müdirləri, habelə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin tibb idarələrinin nümayəndələri iştirak ediblər.

Ekspertlər fövqəladə hallarda cinsi və reproduktiv sağlamlıq üzrə tədbirlər, həmçinin cinsi və gender zorakılığı zamanı yardım və dəstək üçün yaranan maneələr, zorakılıq qurbanları üçün təşkil olunan tibb xidmətləri, fövqəladə hallar zamanı İİV və cinsi yolla yoluxan infeksiyaların profilaktikası barədə ətraflı məlumat verdilər.

Təlimlər çərçivəsində tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiya keçirilib, göstərilən tibbi yardımlar müzakirə olundu və tibb işçilərinə müvafiq metodiki tövsiyələr verilib.



REKLAM