sehiyye.info

DST İİÇV-nin müalicəsi üçün populyar preparata “bəraət verib”

DST İİÇV-nin müalicəsi üçün populyar preparata “bəraət verib”
Dünya Səhiyyə Təşkilatı (DST) İİÇV-nin müalicəsinə dair yenilənmiş tövsiyələrini dərc edib. Hazırda antivirus terapiyasının alternativ vasitəsi kimi istifadə edilən “Doluteqravir” adlı preparat indi əsas siyahıya daxil edilib.

Sehiyye.info xəbər verir ki,AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, DST mütəxəssisləri yeni elmi araşdırmaların nəticələrini öyrənərək, riskləri və terapevtik effekti qiymətləndirərək Doluteqravir preparatını İİÇV-nin müalicəsi zamanı birinci və ikinci xəttə aid preparatlar siyahısına daxil etməyi qərara alıblar.

Bu preparat hamilə və nəsilartırma yaşında olan qadınlar tərəfindən tətbiq edilmək üçün tövsiyə olunub. Əvvəllər belə güman edilirdi ki, əhalinin həmin qrupu tərəfindən Doluteqravir preparatından istifadə edilməsi gələcəkdə yeni doğulan körpələrin inkişafında problemlərə səbəb ola bilər.

Bu əlaqə 2018-ci ildə Botsvanada aparılmış tədqiqat zamanı aşkar edilib. Nəticədə bir sıra ölkələr İİÇV ilə yaşayan hamilə və nəsilartırma yaşında olan qadınların müalicəsi üçün başqa preparatdan istifadə etməyə başlayıblar.

Yeni araşdırmadan sonra alimlər bu qənaətə gəliblər ki, Doluteqravirdən istifadə edilərkən anadangəlmə qüsurlu uşaq doğulması riski əvvəl güman edildiyindən xeyli aşağıdır. Ona görə də nadir hallarda fəsadlar doğuran, lakin effektivliyi ilə tanınmış bu preparatı İİÇV-nin müalicəsi zamanı birinci və ikinci siyahılara qaytarmaq qərara alınıb. Doluteqravirin bir üstünlüyü də ondan ibarətdir ki, o, “dərmanlara davamlılıq” problemi baxımından başqa analoqlarla müqayisədə daha yaxşı “qorunub”.



REKLAM