Həzm problemi və piylənmə - Oturaq iş və qidalanma.
Oturaq həyat tərzi sürənlər, ofisdə və zehni işlərdə çalışanlar əksər hallarda həzm sistemindəki problemlərlə üz-üzə qalırlar. Bu problemlərlə qarşılaşmamaq üçün qidalanmada nələrə diqqət yetirilməlidir?
Sehiyye/info Metbuat.aza istinadən bu barədə öz fikirlərini bildirir.
“Hər bir insanın məşğul olduğu iş və o işin ağırlığına görə gün ərzində qidalanmasında istifadə etməli olduğu kilokalori vardır. Ağır fiziki işlərdə çalışanlarla yüngül işdə çalışanların, yəni daha çox ofisdə, kabinetdə sadəcə zehni işlə məşğul olanların qida rasionunda çox fərq vardır. Əgər ağır fiziki işdə çalışan, daim hərəkətdə olan insanların qida rasionuna daxil olan yüksək kalorili qidalarla ofis çalışanları qidalanarsa, bu artıq çəkiyə və piylənməyə səbəb olar.
Sadəcə zehni işdə çalışan insanlar, daha çox oturaq həyat yaşayanlar (istər ofisdə, istər evdə) az kalorili qidalardan istifadə etməlidirlər. Daim oturaq işdə çalışan adamlarda əzələlər passiv olur, ona görə yeyilən yüksək kalorili qidalar əzələlər tərəfindən istifadə olunmur və orqanizmdə depolanır, nəticədə artıq çəki yaranır. Uzun müddət oturaq vəziyyətdə işləyərkən daha çox onurğada gərginlik olur, qan dövranında durğunluq yaranır, hərəkət az olduğu üçün bağırsaqlarda peristaltika da zəifləyir və qəbzlik yaranır. Buna görə də zehni işlə məşğul olan insanlar həm artıq çəkinin, həm də qəbzliyin qarşısını almaq üçün qidalanmalarına çox diqqətli olmalıdırlar. Yağlı və xəmir xörəklərini, zülal tərkibli qidaları azaltmaq, sendviç, pizza, fastfood tipli yeməkləri meyvə və tərəvəz salatları ilə əvəz etmək lazımdır”.
Karbohidratlardan (konfetlər, keklər, pirojnalar, tortlar, şokoladlar və.s) çox istifadə etmək olmaz, çünki bu cür qidalar normadan artıq yeyiləndə artıq çəkiyə səbəb olur, ona görə daha çox (qara çörək, qarabaşaq, bulqur, arpa unundan hazırlanmış müxtəlif peçenyələr və.s) və lifli qidalara (meyvələr, tərəvəzlər,salatlar),dənli bitkilərdən hazırlanmış yeməklərə (lobya, paxla) üstünlük vermək lazımdır.
Yüksək kalorili qidalar (pizza, fast food, çipsi, yarımfabrikat məhsullar və.s) oturaq işdə çalışanlara qətiyyən olmaz! Bu cür qidaların orqanizm üçün heç bir faydası yoxdur, çünki tərkibində vitaminlər və minerallar azdır, əksinə gizli yağlar, sadə karbohidratlar çoxdur, əlavə dad və qoxu artıran aromatizatorlar var ki, bu da insanda zamanla asılılıq yaradır, hər gün daha çox yemək istəyirsən, nəticədə isə piylənmə xəstəliyi yaranır. Piylənmə isə orqanizmdə digər xəstəliklərin (ürək-damar sistemi,qaraciyər və öd yolları,bağırsaq xəstəlikləri,oynaq xəstəlikləri,endokrin problemlər (şəkərli diabet,sonsuzluq və.s)) yaranmasına səbəb olur.