sehiyye.info

Rinolaliyanın aradan qaldırılması üsulları

Rinolaliyanın aradan qaldırılması üsulları
Rinolaliya nitq aparatının anatomik-fizioloji çatışmazlıqları ilə şərtlənən səs tələffüzünün və səs tembrinin pozulmasıdır. Həmin qüsura çox vaxt tıntınlıq da deyirlər.

Bu barədə AZƏRTAC-a məlumat verən "Loqos" nitq inkişafı və psixologiya mərkəzinin loqopedi Ülviyyə Axundova deyib: "Rinolaliya zamanı artikulyasiya mexanizmi, avazlanma və səsyaratma burun və ağız-udlaq rezonatorlarının fəaliyyət pozulmaları nəticəsində normadan kənarlaşır. Damaq-udlaq yumulmasının pozulmasından asılı olaraq rinolaliyanın bir sıra formaları var.

Qapalı rinolaliya danışıq səslərinin tələffüzü zamanı burun rezonansının fizioloji cəhətdən aşağı olması ilə xarakterizə edilir. Qapalı rinolaliyanın əmələ gəlməsinin ən başlıca səbəbi hipertrafik, zökəm, burun və burun-udlaq toxumalarının burun boşluğu keçidini bağlayan hissəsinin bitişməsidir.

Açıq rinolaliya zamanı ağız və burun boşluğunun arasındakı arakəsmələrin üzvü zədələnməsi nəticəsində səs tələffüzü eyni zamanda həm ağız, həm də burun boşluğunda baş verir, nəticədə səsin tembri dəyişir. Belə ağır pozulmanın mənşəyi toksoplazmoz, ananın hamiləlik dövründə düzgün qidalanmaması və psixi zədələnmələr hesab edilir. Uşaqlarda açıq rinolaliyanın aradan qaldırılması üçün ən birinci burun və burun udlağın müalicəsini aparmaq lazımdır. Adətən həmin uşaqlarda burunda tənəffüs nizama salınanda nitq normaya düşür.

Ön qapalı rinolaliya burun seliklərinin xroniki hipertrofiyası, burun boşluğunda polip, burun divarlarının əyriliyi, burun boşluğunda şişlərin olması ilə əmələ gəlir.

Arxa qapalı rinolaliya uşaqlarda ən çox adenoidlərin böyüməsi, burun-boğaz polipi, fibroma və ya başqa burun-boğaz şişləri nəticəsində olur”.

O, söhbətə davam edərək deyib: “Loqopedik təcrübədə açıq rinolaliya zamanı nöqsanları aradan qaldırmaq üçün bir sıra üsullar mövcuddur. Cərrahiyyə əməliyyatından sonra damaq pərdəsinə çoxlu elastiklik və hərəkətlilik vermək, eyni zamanda, cərrahiyyə əməliyyatından sonra qalmış çapığı ovuşdurub yumşaltmaq üçün məşğələnin ilk günləri masajdan istifadə etmək, çapığı ovuşdurub yumşaltmaq üçün cərrahiyyə əməliyyatı aparılmış nahiyəni kəsik-kəsik sıxmaq lazımdır. İnnervasiyanı gücləndirmək üçün damaq pərdəsini yüngülvarı sığallamaq, yüngül zərbələr vurmaq lazımdır. Bununla bərabər tənəffüsün, səsin və nitq səslərinin qoyuluşunun üzərində də iş aparılır. Artikulyasiya aparatını fəallaşdırmaq üçün müxtəlif dodaq və dil hərəkətləri məşq edilir. Səsə və sait fonemlərin düzgün artikulyasiya üzərində iş a və e səslərinin qoyuluşundan başlanılır və ardıcıllıqla o, ı, u, i, ə, ü səslərinə keçilir. Sait səslər üzərində işə başlamazdan əvvəl uşağın diqqətini damaq pərdəsinin qalxmasına cəlb etmək, sonra isə səslərin tələffüzünə başlamaq lazımdır. Səsin və tələffüzün üzərində iş apararkən uşaqlarda səsləri müxtəlif ucalıqda, azaldıb-artırmaqla, tələffüz etmək vərdişini tərbiyə etmək lazımdır. Bu məqsədlə mahnı məşqlərindən istifadə etmək məsləhət görülür. Bundan başqa mahnı rinolalik uşaqlarda şəxsi səsinə və nitqinə diqqəti, özünənəzarət vərdişini inkişaf etdirir. Hazırlıq nitqləri prosesində yanaqlara üfürməklə samit səslərin qoyuluşuna imkan yaranır. Hər bir qoyulmuş səs əvvəlcə hecada, sonra isə cümlədə avtomatlaşdırılır və tədricən gündəlik nitqdə differensiallaşdırılır”.



REKLAM