Abşeron polisi vətəndaşları saymır - Evi soyulmuş həkimdən ölkə rəhbərliyinə ŞİKAYƏT.
Dəyəri 40 min manatdan çox əşyası oğurlanan evin sahibi polislərin oğruları tapmaq istəməməsindən şikayət edib.
Abşeron rayonu, Fatmayı kəndi, ikinci yaşayış massivində yerləşən Məmmədov Akif Abış oğluna məxsus evdən oğurluq olub.
Ev sahibi Akif Məmmədov Yenicag.az-a bu barədə məlumat verərək, Abşeron rayon polis idarəsinin baş verən hadisəyə barmaqarası baxdığını deyib.
Evindən oğurluq olmuş şəxs bildirib ki, oğurluq onlar şəhərdə olarkən baş verib:
“Kürəkənim Sadıqov Rəşid iyunun 1-i saat 11 radələrində qapını bağlayıb və evdən çıxıb. Biz ayın 6-da evə qayıtmışıq. Qapını açanda gördük ki, evi talayıb, hər şeyi alt-üst edib çıxıblar. Evdən iki bahalı televizor, kameralar, bahalı telefon, çoxlu sayda bahalı zinət əşyaları oğurlanıb. Hesablama aparan zaman məlum oldu ki, bizə 34 min manatdan çox ziyan dəyib. Qapını açıb, evdən oğurluq olduğunu görən kürəkənim Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. Dərhal polislər gəlib, evə baxış keçirdikdən sonra bizə bildirdilər ki, 2 günə oğruları tapıb, əşyalarınızı geri qaytaracağıq. Polislərlə birlikdə Mehdiabaddakı bölməyə getdik, ora ərizə verdim, izahatlarımız alındı. Bazar ertəsi müstəntiq bizi Abşeron Polis İdarəsinə dəvət etdi, orada yenidən izahat aldı və bununla da məsələ dayandı”.
Akif Məmmədovun sözlərinə görə, bir həftədir Abşeron Rayon Polis İdarəsinin rəisi ilə əlaqə saxlamaq cəhdləri boşa çıxır:
“Telefonla əlaqə saxlamaq mümkün olmadığı üçün Abşeron Rayon Polis İdarəsinə getdim. Rəislə görüşmək istədim, ancaq rəisin qapısının ağzında dayanan şəxs (kim olduğunu bilmədim), mənə imkan vermədi. Həmin şəxs mənə dedi ki, sən kimsən Şəhriyar müəllimlə görüşəsən?! Ona dedim ki, zərər çəkmiş adamam, evim soyulub malım, mülküm oğurlanıb. Mənə dedi ki, lap 40 milyonluq malın oğurlansa belə, sən kimsən axı Şəhriyar müəllimlə görüşüb, söhbət edəsən. Axı mən uşaq deyiləm, 42 ilin həkimiyəm, 30 il baş həkim olmuşam. Həmin şəxsə heç nə demədim. Gəldim aşağıda adımı qəbula yazdırdım, ancaq xahiş etdim ki, belimdə ağır xəstəliyim var, gəlib-gedə bilmirəm, münkünsə rəislə telefonla əlaqə saxlayım. Qəbula düşə bilsəm ona başqa söz yox, işləmədiklərinı deyəcəkdim”.
Akif Məmmədov onu da bildirib ki, son 10 gündə Fatmayı kəndində oğurluqların sayı artıb:
“Polisin özünün mənə dediyinə görə, son 10 gündə Fatmayı kəndində 7 oğurluq hadisəsi baş verib. Kənddə isə polis görmürük. Ümumiyyətlə, 3 il əvvəl də polisə şikayət etmişəm ki, niyə kəndə polis gəlib-getmir. Polis olmayan yerdə oğurluq da olar, hələ başqa şeylər də. O vaxt mənə dedilər ki, gücləndirəcəyik. Ancaq heç nə olmadı. Abşeron Polis İdarəsinin rəisi ilə görüşə bilmədiyim üçün prezidentə və daxili işlər naziri Ramil Usubova məktub yazmışam. Bir həftədir DİN-in 102 xidmətinə zəng edirəm ki, Abşeron Polis İdarəsinin rəisi şikayəti olan vətəndaşı saymır. Ancaq yenə məni qəbul edən yoxdur”.
Akif Məmmədov sonda bildirdi ki, polisin birinci işi vətəndaşı qorumaq olduğu halda, əksinə vətəndaşın hüquqlarını tapdalayır və bu şəkildə təhqir edir.