sehiyye.info

Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür

Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür
Dünyada insan həyatı üçün ən təhlükəli canlı şir, pələng və ya köpəkbalığı deyil. Alimlərin məlumatına görə, bu siyahıda ilk sırada ağcaqanadlar dayanır.

Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, ağcaqanadların yaydığı xəstəliklər hər il dünyada 700 mindən çox insanın ölümünə səbəb olur.

Bu kiçik həşəratlar malyariya, denge qızdırması, Qərbi Nil virusu, sarı qızdırma və Yapon ensefaliti kimi təhlükəli infeksiyaları daşıyırlar.

Onların yaydığı ən ölümcül xəstəlik malyariyadır. Bu infeksiya hər il 600 mindən çox insanın həyatına son qoyur. Ölüm hallarının böyük hissəsi Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrində, xüsusilə uşaqlar arasında qeydə alınır.

Denge qızdırması da geniş yayılan xəstəliklərdəndir. Hər il təxminən 400 milyon insan bu virusa yoluxur. Ağır hallarda daxili qanaxma, orqanların zədələnməsi və qan təzyiqinin kəskin düşməsi baş verə bilər.

Qərbi Nil virusu, sarı qızdırma və Yapon ensefaliti də ağcaqanadlar vasitəsilə yayılan təhlükəli xəstəliklər sırasındadır. Xüsusilə Yapon ensefalitinin ağır formalarında ölüm riski 30 faizə çata bilər.

Dünyada 3700-dən çox ağcaqanad növü olsa da, onların yalnız kiçik bir hissəsi xəstəlik daşıyır. Buna baxmayaraq, yaydıqları infeksiyalar ağcaqanadları insanlar üçün dünyanın ən ölümcül canlılarından birinə çevirir.//milli.az



REKLAM