TƏBİB-in “istifadə edilmir” açıqlamasına sərt reaksiya: “Niyə qarşısında o qədər növbə var?”

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyəti əks etdirən görüntülərlə bağlı TƏBİB-in açıqlaması müzakirələrə səbəb olub.
Sehiyye.info xəbər verir ki, jurnalist Ramilə Qurbanlı xəstəxananın sanitar qovşağında çəkdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşaraq burada antisanitar vəziyyətin hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, otaq və dəhlizlərdə də oxşar mənzərə müşahidə olunur.
Şəkilin açıqlaması yoxdur.
Yayılan görüntülərdən sonra TƏBİB açıqlama verərək bildirib ki, fotolarda əks olunan hissə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil.
TƏBİB-in bu cavabına jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında reaksiya verib.
O, açıqlamanı sual altına alaraq bildirib:“TƏBİB-in cavabına bilmədim, gülüm, yoxsa ağlayım. Əvvəla, o sanitar qovşağı işləmirsə, niyə qapısı açıqdır? Niyə qarşısında o qədər növbə var? Analiz verəsi adamlar və sair. Niyə tualet soruşanda mühafizəçi məhz həmin yeri istiqamət verir?”
Jurnalist qeyd edib ki, xəstəxanaya məqsədli şəkildə görüntü çəkmək üçün getməyib. O, uşağını müayinəyə apardığı zaman vəziyyəti gördüyünü və buna görə görüntüləri qeydə aldığını bildirib.
Şəkilin açıqlaması yoxdur.
“Orada analiz verməyi belə düzgün hesab etmədim. Bir problem varsa, onu malalamağa yox, həll etməyə çalışmaq lazımdır. Yəni işin qaydası belədir”, – deyə Ramilə Qurbanlı vurğulayıb.
Beləliklə, TƏBİB-in “istifadə edilmir” açıqlamasından sonra əsas sual açıq qalır: Əgər sözügedən sanitar qovşaq həqiqətən istifadə olunmursa, jurnalistin qeyd etdiyi kimi, nə üçün əraziyə giriş açıqdır və xəstəxanaya müraciət edən şəxslər həmin məkana yönləndirilir?//bizimesr