Uşaqlara alimenti qadın ödəyəcək - Başqasına qoşulub qaçıb

Bərdə Rayon Məhkəməsində hakim Lamiyə Hüseynquliyevanın sədrliyi ilə mülki iş üzrə keçirilən məhkəmə iclasında kişinin keçmiş arvadına qarşı aliment tələbinə baxılıb.
Xitab24.az-ın əldə məlumatına görə, rayon sakini keçmiş arvadına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa 130 manat aliment ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.
Kişi iddia ərizəsini onunla əsaslandırılıb ki, arvadı iki azyaşlı uşağı onun yanında qoyaraq başqa şəxsə qoşulub qaçıb. Bu səbəbdən də o, məhkəmə qaydası ilə arvadından boşanıb.
Uzun müddətdir uşaqlara tək baxdığı bildirən rayon sakini, indiyədək qadından aliment istəməyib. Lakin o, səhhətində yaranan problemlərlə əlaqədar çətinlik çəkdiyini, qanunvericiliyin tələblərindən yararlanmaq istədiyini bildirib.
Hakim Lamiyə Hüseynquliyeva iddianı təmin edib. Qətnaməyə əsasən, qadın hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,325 misli həddində (130 manat - red) sabit pul məbləğində uşaqların atasına aliment ödəməlidir.