Bakteriyalar alimlərə təsirli xərçəng dərmanları yaratmağın yolunu göstərdi

Alimlər bakteriyaların xərçəngə qarşı təsir göstərən birləşmələri necə sintez etdiyini müəyyən ediblər.
Sehiyye.info "Newsweek" nəşrinə istinadən xəbər verir ki, bu kəşf gələcəkdə yeni şişəleyhinə preparatların hazırlanmasını əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
"Nature Communications" jurnalında dərc olunan araşdırma göstərib ki, müxtəlif ferment sistemlərinin qarşılıqlı fəaliyyəti nəticəsində histon deasetilaza (HDAC) inhibitorları adlanan dərman birləşmələri sintez olunur. Bu maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir və onların bəziləri artıq onkologiyada istifadə edilir.
Uorvik Universitetinin alimi doktor Munro Passmor bildirib ki, bu kəşf perspektivli dərman namizədlərindən ibarət geniş molekul kitabxanalarının yaradılmasını sürətləndirə bilər: "Ən vacib məqam ondan ibarətdir ki, ən perspektivli namizədləri sənaye miqyasında münasib qiymətə istehsal etmək mümkün olacaq".
Bununla belə, o vurğulayıb ki, yeni preparatların klinik praktikada istifadəyə verilməsi yenə də uzun vaxt tələb edəcək. Onun sözlərinə görə, bütün potensial preparatlar klinikayadək tədqiqatlardan, optimallaşdırma mərhələsindən və klinik sınaqlardan keçməlidir. Bu proses 10 ilə qədər davam edə və 1 milyard ABŞ dollarından çox vəsait tələb edə bilər.
Araşdırmada diqqət mərkəzində olan preparatlardan biri artıq bəzi qan xərçəngi növlərinin müalicəsində istifadə olunan "Romidepsin" olub.
Tədqiqatçılar müəyyən ediblər ki, bakteriyalar müxtəlif biokimyəvi komponentləri birləşdirərək quruluşca bir-birinə oxşar, lakin fərqli xüsusiyyətlərə malik molekullar yaradır. Bu proses "kombinator biosintez" adlanır.
Araşdırma zamanı məlum olub ki, molekulun əsas hissəsini formalaşdıran fermentlər dəyişən peptid fraqmentlərini əlavə edən fermentlərlə birbaşa qarşılıqlı əlaqəyə girə bilir. Bu mexanizm müxtəlif potensial dərman birləşmələrinin yaranmasına imkan verir.
Alimlər həmçinin müəyyən ediblər ki, müxtəlif biosintez yollarına aid ferment sistemləri də bir-biri ilə qarşılıqlı əlaqədə ola bilir. Bu isə təbii biosintez mexanizmlərinin yüksək çevikliyini göstərir və gələcəkdə tamamilə yeni molekulların hazırlanması üçün istifadə oluna bilər.
Uorvik Universitetinin professoru Qreq Çallis bildirib ki, bu yanaşma xüsusilə mövcud müalicələrə zəif cavab verən xərçəng növləri üçün yeni preparatların hazırlanmasına kömək edə bilər. Onun sözlərinə görə, ilkin nəticələr bu mexanizmlə yaradılan bəzi birləşmələrin müalicəsi çətin olan xərçəng növlərinə qarşı perspektivli aktivlik nümayiş etdirdiyini göstərir.//demokrat