Yeni preparat irsi korluğun müalicəsində ümid yaradıb

Avstraliyanın Adelaide Universitetinin alimləri irsi korluğa səbəb olan göz xəstəliyinin müalicəsi üçün hazırlanan yeni preparatı ilk dəfə insanlar üzərində sınaqdan keçiriblər.
Sehiyye.info xəbər verir ki, ilkin nəticələr ümidverici olub. Preparat gözə yeridildikdən sonra tor qişada qalan hüceyrələri yenidən işığa həssas edir. Bu da görmənin qismən bərpasına kömək edə bilər.
Pilot klinik sınağın əsas məqsədi preparatın təhlükəsizliyini qiymətləndirmək olub. Alimlər bildiriblər ki, müşahidə dövründə ciddi yan təsir və ya gözün zədələnməsi halı qeydə alınmayıb.
Bəzi iştirakçılarda görmənin yaxşılaşdığı müşahidə edilib. Onlar görmə testlərində daha yaxşı nəticə göstəriblər. Könüllülərdən biri isə inyeksiyadan cəmi iki gün sonra işığı daha yaxşı hiss etdiyini bildirib.
Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə təkcə irsi korluğa səbəb olan bu xəstəliyin deyil, digər tor qişa xəstəliklərinin müalicəsində də istifadə oluna bilər. Hazırda preparatın ikinci mərhələ klinik sınaqları davam edir.//yeniavaz