Virusa yoluxan həkim 21 gün nəzarətdə qalacaq

Fransada uzun müddətdən sonra ilk dəfə Ebola virusuna yoluxma halı təsdiqlənib. Məlumata görə, xəstəlik Demokratik Konqo Respublikasında humanitar missiyada çalışan və daha sonra ölkəsinə qayıdan həkimdə aşkarlanıb. Fransa Səhiyyə Nazirliyi diaqnozu təsdiqlədikdən sonra pasiyentin dərhal xüsusi izolyasiya şöbəsinə yerləşdirildiyini bildirib.
Hazırda səhiyyə orqanları yoluxmuş şəxslə təmasda olan insanların müəyyənləşdirilməsi üçün epidemioloji araşdırma aparır. Risk qrupuna daxil olan şəxslərin 21 gün müddətində tibbi nəzarət altında qalacağı bildirilib. Pasiyentin vəziyyətinin stabil olduğu qeyd olunur.
Mütəxəssislər vurğulayıb ki, yoluxma Fransada baş verməyib, virusun mənbəyi hazırda Ebola epidemiyasının davam etdiyi Demokratik Konqo Respublikası hesab olunur.
Qeyd edək ki, Ebola yüksək ölüm riski ilə xarakterizə olunan virus infeksiyasıdır və əsasən yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə təmas nəticəsində yayılır.//saglamolun