sehiyye.info

Süni intellektə qadağa çıxış yoludurmu?

Süni intellektə qadağa çıxış yoludurmu?
"Süni intellektin insan təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqlar müəyyən qədər başadüşüləndir. Çünki həqiqətən də bəzi hallarda insanlar düşünmək, araşdırmaq və analiz etmək əvəzinə hazır cavablara üstünlük verməyə başlayırlar. Lakin burada əsas məsələ texnologiyanın özü deyil, ondan necə istifadə edilməsidir".

Sehiyye.infoxəbər verir ki, bunu açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

.
O, qeyd edib ki, gündəlik həyatda müşahidə edirik ki, insanlar getdikcə daha çox hazır nəticəyə yönəlirlər. Məlumatı araşdırmaq, müxtəlif mənbələri müqayisə etmək və nəticə çıxarmaq əvəzinə, birbaşa cavabı əldə etməyə çalışırlar. Bu isə uzunmüddətli perspektivdə düşünmə və analiz vərdişlərinə təsir göstərə bilər:

"Tarixə nəzər saldıqda görürük ki, oxşar müzakirələr hər yeni texnologiyanın ortaya çıxması ilə yaşanıb. Kalkulyator istifadəyə veriləndə insanların hesablama bacarıqlarını itirəcəyi deyilirdi. İnternet geniş yayılanda isə yaddaşın zəifləyəcəyi ilə bağlı narahatlıqlar səsləndirilirdi. Lakin zaman göstərdi ki, bu texnologiyalar insan imkanlarını məhdudlaşdırmaq əvəzinə daha da genişləndirib.

Süni intellekti də bu baxımdan kalkulyatora bənzətmək olar. Əgər insan hesablamanın və ya problemin məntiqini anlayırsa, kalkulyator onun işini sürətləndirir. Əks halda isə o, sadəcə düymə basan istifadəçiyə çevrilir. Süni intellektlə də vəziyyət oxşardır: əsas bilik və düşünmə bacarığı olmadan texnologiya yalnız hazır cavab mənbəyinə çevrilə bilər.

Süni intellektin qadağan olunması məsələsinə gəldikdə isə, bu nə texniki baxımdan real, nə də praktik baxımdan effektiv görünür. AI artıq qlobal miqyasda istifadə olunan və müxtəlif platformalarda tətbiq edilən texnologiyadır. Hətta qadağalar tətbiq olunsa belə, insanlar alternativ vasitələr tapmağa davam edəcəklər.

Bu səbəbdən əsas diqqət qadağalara deyil, maarifləndirməyə yönəlməlidir. İnsanlara süni intellektdən necə düzgün istifadə etmək, hansı hallarda onun təqdim etdiyi məlumatlara etibar etmək və hansı hallarda öz tənqidi düşüncələrini işə salmaq lazım olduğu öyrədilməlidir. Belə olduqda süni intellekt insan düşüncəsinin rəqibi deyil, onu tamamlayan və gücləndirən vasitəyə çevrilə bilər".//big.az



REKLAM