Uşağım hər şeyə etiraz edir, nə edim?

Uşağın hər şeyə etiraz etməsi (xüsusilə də, ata-anasına qarşı) çox tez-tez rast gəldiyimiz bir problemdir. Digər tərəfdən, əgər uşaq atanın və ya ananın hər dediyinə (üstəlik də, mənfi və ya müsbət tərəflərini düşünmədən) etiraz edirsə, artıq bu vəziyyəti problem adlandırmaq olar.
Bəzən belə vəziyyətlər təkcə uşağın etiraz bildirməsi ilə yox, aqressivlik göstərməsi ilə də müşayiət olunur. Üstəlik, adi yaş dövrlərindən fərqli olaraq müəyyən yaş dövrlərində bu problem daha da artır. Belə yaş dövrləri isə əsasən “kiçik yetkinlik dövrü” və “böyük yetkinlik dövrü” adlandırdığımız dövrlərdir. Ancaq istər atanın, istərsə də ananın qətiyyətli mövqeyi ilə bu problemi qısa bir vaxtda aradan qaldırmaq olar.
Digər tərəfdən, yuxarıda ifadə etdiyimiz bu vəziyyət uşaqlarda aqressivliyin də bir nəticəsi ola bilər. Çünki belə uşaqlar da hər hansı bir hadisəyə qarşı çox tez reaksiya göstərir, həmçinin, ata-analarına qarşı etirazlarını bildirirlər. Digər tərəfdən, qardaş və ya bacı qısqanclığının, həmçinin ata və ya ana laqeydliyinin də bu işdə rolu az deyil.