sehiyye.info

Qocalmağa qarşı dərman insanlarda sınaqdan keçiriləcək

Qocalmağa qarşı dərman insanlarda sınaqdan keçiriləcək
ABŞ-da qocalmaya qarşı ilk dərman sınaqlarına start verilir. ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənən yeni “ER-100” preparatı yaşlanma əleyhinə hüceyrə cavanlaşdırılması sahəsində dünyada ilk klinik araşdırma kimi qiymətləndirilir. Preparatı hazırlayan “Life Biosciences” ilkin mərhələdə onu ağır göz xəstəliklərindən əziyyət çəkən pasiyentlər üzərində sınaqdan keçirəcək.
ER-100 terapiyası yenidən proqramlaşdırma texnologiyasına əsaslanır. Bu metod hüceyrələrin xüsusiyyətlərini dəyişdirərək onları yenidən daha “gənc” vəziyyətə qaytarmağı hədəfləyir. Alimlər hesab edir ki, bu yanaşma zədələnmiş toxumaların bərpasına və yaşlanma ilə bağlı xəstəliklərin müalicəsinə yeni imkanlar yarada bilər.
Klinik sınaqlara qlaukoma və qeyri-arteritik ön işemik optik neyropatiya diaqnozu qoyulan şəxslər cəlb ediləcək. Hər iki xəstəlik görmə sinirinin zədələnməsi ilə əlaqədardır və dünyada korluğun əsas səbəblərindən sayılır.
Tədqiqat uğurlu olarsa, gələcəkdə bu texnologiyanın digər orqanların hüceyrələrinin bərpasında və yaşlanma ilə bağlı ağır xəstəliklərin müalicəsində də istifadə edilə biləcəyi bildirilir.



REKLAM