sehiyye.info

Yüzlərlə insanı, həm də öz həyatını zəhərləyən “ölüm həkimi” – Moskvadan Mahaçqalaya sürgün

Yüzlərlə insanı, həm də öz həyatını zəhərləyən “ölüm həkimi” – Moskvadan Mahaçqalaya sürgün
1937-ci ildə “NKVD”-nin tərkibində yaradılan xüsusi laboratoriya struktur tabeliyinə görə, qurumun Baş Dövlət Təhlükəsizlik İdarəsinə tabe olsa da, onun fəaliyyəti birbaşa komissar və birinci müavin (nazir və nazirin birinci müavini) tərəfindən idarə olunub.

Labotatoriyanın qarşısına qoyulan əsas vəzifə insan ölümünə səbəb olacaq zəhərli maddələrin hazırlanması olub.

Laboratoriyaya dünya miqyasında tanınmış həkim-toksikoloq, təhsil illərini Bakıda keçirən Qriqori Mayranovski başçılıq edib.
Qriqori Mayranovski 1899-cu ildə Batumidə anadan olub, 1917-ci ildə Tiflisdə tibb institutuna daxil olub, ali təhsilinin iki ilini, 1920-1922-ci illərdə Bakı Dövlət Universitetində davam etdirib, daha sonra Moskvaya köçən Mayranovski Moskva Dövlət Universitetinin tibb fakültəsini bitirib.

Ali təhsilini başa vurduqdan sonra Moskvanın ayrı-ayrı səhiyyə müəssisələrində fəaliyyət göstərən Mayranovski 1935-1937-ci illərdə Ümumittifaq Eksperemental Tibb İnstitutunda xüsusi toksikologiya laboratoriyasına rəhbərlik edib. Qeyd edək ki, adl çəkilən laboratoriyanın fəaliyyəti məxfi saxlanılıb.



1937-ci ildən Qriqori Mayranovski “NKVD”-də yaradılan xüsusi laboratoriyaya rəis təyin olunub, polkovnik rütbəsi daşıyıb. O, bununla yanaşı elmi fəaliyyətində ciddi dönüşlər edib, toksikologiya üzrə əvvəlcə namizədlik, sonra isə doktorluq işi müdafiə edib. Onun doktorluq dissertasiyası dünya toksikoloqları tərəfindən böyük maraqla qarşılanıb.

Mayranovski zaman-zaman yüksək dövlət mükafatları ilə təltif edilib, böyük titullara sahib olub. Bunlarla yanaşı, onun qeyri-rəsmi titulları da olub: “Cəllad alim”, “Ölüm həkimi” və s.

“NKVD”-nin xüsusi laboratoriyası “ölüm laboratoriyası” adlandırılıb. Mayranovskinin bu labaratoriyadakı kəşfləri həbsxana və düşərgələrdə on minlərlə insanın həyatına son qoyub.

Həkim-toksikoloq ayrı-ayrı şəxslər üçün isə xüsusi zəhərli maddələr hazırlayıb. İosif Stalinin siyasətinə daxildə və xaricdə müxalif çıxanlara bu maddələr tətbiq olunub. Onların kimliyi haqqında məlumatlar olsa da, təffərrüatları hələ də “məxfi” qrifli qovluqlarda sirr kimi saxlanılır.

Qriqori Mayranovskinin hazırladığı zəhərli maddələr ona görə “dəyərli” sayılıb ki, onları hansısa bir şəxsə tətbiq edəndə qəfil ölümlə deyil, tədrici və təbbi ölümlə nəticələnib. Və mütəxəssislər ölümün səbəbini araşdırarkən hüç bir şübhəli motiv tapılmayıb.



Mayranovski “NKVD” labaratoriyasında işə başlayarkən təkcə iki il ərzində zəhərli maddələri 250 nəfər məhkumun üzərində sanaq keçirərək, onların həyatına son qoyub.

“Ölüm laboratoriyası”nın əməkdaşları “NKVD”-nin digər əməkdaşlarından “zərərli iş”ə görə daha çox əməkhaqqı alıblar. Ancaq arada olan pul fərqi onların köməyinə çatmayıb. Kəşfləri ilə on minlərlə insanın ölümünə səbəb olan laboratoriya əməkdaşlarının çoxları gördükləri işin “uğurlu” nəticələrinə tab gətirməyiblər. Bəziləri aradan çıxmağa müvəffəq olub, bəzilərini vaxtsız ölüm haqlayıb, digərləri narazılıqlarına görə həbs olunub, kimlərisə də psixi xəstəxanalara yerləşdiriblər.

Hətta laboratoriyanın iki əməkdaşı, Şiqalyov və Şeqlov çıxış yolunu intiharda görüblər.

Qriqori Mayranovski daha iradəli olsa da, o da kəşflərinin güdazına gedib. 1951-ci ildə Mayranovski gözlənilmədən həbs olunub. Onu işə məsuliyyətsizlikdə və qanunsuz olaraq kimyəvi maddələr saxlamaqda ittiham ediblər.

Sözsüz ki, bu ittihamlar formal xarakter daşıyıb. Həbsin isə tamam başqa motivləri olub. Mayranovski zəhərləmə vasitəsi ilə “NKVD”-nin keçirdiyi bütün əməliyyatlardan, o cümldən İosif Stalinin göstərişi ilə zəhərli maddələrdən istifadə edərək aradan götürülən adamlardan xəbərdar olub. Yuxarılar belə qənaətə gəliblər ki, bu “çoxbilmiş” adam onlara problem yarada bilər.



İkinci səbəb isə “NKVD”-nin son üç dəfə apardığı əməliyyatlarda Mayarnovskinin “məhsul”larının özünü doğrultmaması olub. Belə ki, zəhərli maddələr öz təsirini göstərməyərək əməliyyatı lazımınca həyata keçirməyə imkan verməyib.

Bir il davam edən məhkəmə prosesində Mayranovski özünü müdafiə edə bilməyib və o, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həyatının 10 ilini günə-gün həbsxanalarda keçirən Mayranovski 1962-ci ildə azadlığa çıxaraq Moskvada öz ixtisası üzrə fəaliyyətə başlamaq istəyəndə ona növbəti problemləri yaşadıblar.

“Ölüm həkimi”nin fəaliyyətə başlaması ilə bağlı həmin dövrdə hakimiyyətdə olan Nikita Xruşova məruzə edilib. Hələ müharibə illərindən Mayranovskinin fəaliyyətinə yaxından bələd olan Nikita Xruşov münasibətini əsəbi və qəti şəkildə bildirib:

“Mən bu cəlladı yaxşı tanıyıram, onu Moskvaya, Leninqrada və müttəfiq respublikaların paytaxtlarına buraxmaq olmaz, əks halda o, yenə də insanları zəhərləyərək cəhənnəmə göndərəcək...”

Beləliklə, müvafiq qurumlar Moskvanı tərk etmək üçün Mayranovskiyə 24 saat vaxt veriblər.



“Cəllad alim” SSRİ-ni bir dövrə vurduqdan sonra, nəhayət ki, Mahaçqalada qərar tutub. O, Biokimya institutunda müqavilə ilə ştatsız fəaliyyətə başlayıb. Ancaq DTK polkovniki mənasız saydığı bu işdə çox tab gətirə bilməyib. Qriqori Mayranovski 1964-cü ildə qəfil ürəktutmadan vəfat edib.



REKLAM