Qismət, taleh var? Yoxsa bu illyuziyadır?

Uşaqlığdan bizə deyirlər ki, alnında nə yazılıb o da olacaq. Qismətində nə var, onu da görəcəksən. Nağıllar, filmlər, insanlar, bizə müqəddəs olan nələrsə – hamısı bunu deyir. Və beləliklə, iradəmiz məhv olur. Biz daim qismət axtarırıq. Bir ümid parıltısı görüb, düşünürük ki, nəhayət, məndə qismətimə çatdım. Amma az sonra acı həqiqətlə üzləşib anlayırıq ki, bu qismətimiz deyilmiş. Bizi daha yaxşı nələrsə gözləyir. Özümüzə təsəlli veririk. Yenə keçirik axtarış relsinə.
Beləliklə, oxşar və eyni hadisələr toplanır və biz sual veririk, axı hanı, hanı mənim qismətim? Bəlkə o yoxdur? Bəlkə qismət axtarışında olub, kabusları həyatımıza cəlb edirik? Düşünürük ki, öz yolumuzu gedirik, amma o yol yoxdur? Çəkilməyib, qurulmayıb, bəlkə heç təməli də qoyulmayıb? Bəlkə bu bir illyuziyadır? Və bəlkə Tanrının da bizə verdiyi əsas nemət elə odur – iradəmiz? Bəlkə həyatımızdan, canımızdan ən dəyərlisi – azad seçimimizdir? Azad ruhumuz.
Həyatı axına qoyanda həyat adiləşir. Öz mənasını itirir. Çünki biz baş hadisələrin əsiri oluruq. Qandallı, zəncirli əsri.
Həyatda ən xoşbəxt insanlar – ümid axtaran insanlar deyil. Gözləyən, səbr edənlər deyil. Ən xoşbəxt – aktiv və həyatını tam idarə edənlərdir. Kimlər ki dəniz qırağında oturub havanın dəyişilməsini gözləmir. Onlar ya olan havada üzürlər, ya da havası uyğun olan dəniz sahilinə gedirlər. Onlar həyatı o olduğu kimi qəbul edirlər, heç bir hədiyyə də ondan gözləmədən.
Düşünün, bəlkə illyuziya ardınca qaçmağı dayandırıb, öz həyatımızı özümüz quraq? Səhv edək, aşaq, yıxılaq, qalxaq, amma hər seçimi özümüz edək? Bəlkə xoşbəxtlik sirri də elə burdadır? Həyatı tam idarə etməkdə…