Bu məhsullar diqqəti zəiflədir

Avstraliyanın alimləri müəyyən ediblər ki, hətta ultraemal olunmuş qidaların orta səviyyədə qəbulu belə diqqətin zəifləməsi və informasiyanın emal sürətinin azalması ilə əlaqəlidir.
Sehiyye.info xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimer's & Dementia: Diagnosis Assessment & Disease Monitoring" jurnalında dərc olunub.
Araşdırmada demensiya əlamətləri olmayan 2100-dən çox Avstraliya sakini iştirak edib. Alimlər iştirakçıların qidalanma vərdişlərini diqqət və düşünmə sürətini ölçən koqnitiv testlərin nəticələri ilə müqayisə ediblər. Nəticələr göstərib ki, rasionda ultraemal olunmuş qidaların payı artdıqca diqqət göstəriciləri də pisləşir.
Ultraemal olunmuş qidalara tərkibində müxtəlif əlavələr — dadlandırıcılar, stabilizatorlar, dad gücləndiricilər və digər texnoloji komponentlər olan sənaye üsulu ilə dərin emaldan keçmiş məhsullar daxildir. Bunlara qazlı şirin içkilər, çipslər, fastfud və hazır yeməklər aiddir.
Tədqiqat müəlliflərinin qiymətləndirməsinə görə, gündəlik rasionda bu cür qidaların payının cəmi 10% artması (təxminən bir paket çipsə bərabər) artıq diqqətin azalması ilə əlaqələndirilir. Üstəlik, bu təsir ümumi qidalanmanın keyfiyyətindən asılı olmayaraq müşahidə olunub. Yəni nisbətən sağlam qidalanan insanlarda belə ultraemal olunmuş qidaların yüksək payı mənfi təsir göstərir.
Alimlər qeyd edirlər ki, bu əlaqə yalnız faydalı qidaların çatışmazlığı ilə izah olunmur. Ehtimal olunur ki, əsas rol qidanın emal səviyyəsinə məxsusdur. Bu proses məhsulun strukturunu dəyişir və beyin fəaliyyəti üçün potensial zərərli maddələrin yaranmasına səbəb ola bilər.
Araşdırmada yaddaşın pisləşməsi ilə bağlı əlaqə aşkarlanmayıb. Bununla belə, alimlər vurğulayırlar ki, diqqət öyrənmə, qərarvermə və gündəlik fəaliyyət üçün əsas koqnitiv funksiyalardan biri hesab olunur.//axsam.az