Xərçəngin maskalanmış simptomları

Gənc yaşda olan şəxslər bədənlərindəki bəzi dəyişiklikləri adi narahatlıq zənn edərək böyük bir təhlükəni nəzərdən qaçırırlar. Bağırsaq xərçənginin ilkin əlamətləri çox vaxt tamamilə fərqli və az təhlükəli xəstəliklərin simptomları ilə qarışdırılır.
Sehiyye.info xəbər verir ki, qastroenteroloq Mitili Menon Patiyil gənclər arasında kolorektal xərçəngin aşkarlanma müddətinin uzanması ilə bağlı xəbərdarlıq edib. Həkimin sözlərinə görə, gənc xəstələrdə ilk müraciətdən müalicənin başlanmasına qədər orta hesabla yeddi ay vaxt itirilir. Bu gecikmənin əsas səbəbi bağırsaqdakı qanaxma və ya nəcis ifrazındakı pozuntuların babasil yaxud adi həzm problemləri ilə səhv salınmasıdır.
Mütəxəssis bildirib ki, uzun illər boyu yoğun bağırsaq xərçəngi yalnız yaşlıların xəstəliyi hesab edilib. Bu yanaşma səbəbindən 45 yaşdan aşağı şəxslər həkim qəbulunda olarkən onlarda bədxassəli şişin ola biləcəyi ehtimalı çox vaxt ağla belə gəlmir. Lakin müasir dövrdə vəziyyət dəyişib və xəstəlik sürətlə cavanlaşıb.
"Etiraf etmək lazımdır ki, gənclərdə kolorektal xərçəng artıq nadir hal deyil və erkən aşkarlanması üçün ciddi diaqnostika tələb olunur" - deyə Patiyil vurğulayıb.
Yəni, gənc insanlar bağırsaq sistemindəki qanaxma və ya uzun sürən pozuntuları "keçib gedər" deyərək laqeyd qoymamalı, mütləq müayinədən keçməlidirlər.//demokrat.az