Bu saatlarda şam edən insanlar daha uzunömrlü olur — Araşdırma

Venzjou Tibb Universitetinin alimləri qocalma prosesini ləngidən və xroniki xəstəliklərin qarşısını alan qidalanma rejimini müəyyən ediblər. "Nutrition Journal" nəşrində dərc olunan araşdırmaya görə, şam yeməyi ilə səhər yeməyi arasındakı 13-14 saatlıq fasilə orqanizmin yenilənməsi üçün həlledici rol oynayır.
Demokrat.az-ın məlumatına görə tədqiqatda 60 yaşdan yuxarı 900-dən çox insan iştirak edib. Məlum olub ki, "sağlam qocalma" göstəriciləri məhz müəyyən saatlarda qidalanan şəxslərdə daha yüksəkdir. Ən yaxşı nəticələr səhər saat 06:00-07:00 radələrində səhər yeməyi yeyən və axşam 17:00-18:00 aralığında şam edən insanlarda qeydə alınıb.
Ekspertlər bu effekti orqanizmin daxili bioloji saatı olan sirkad ritmləri ilə əlaqələndirirlər. Düzgün seçilmiş qidalanma saatları maddələr mübadiləsini tənzimləyir, beyin fəaliyyətini qoruyur və iltihab proseslərini azaldır. Belə rejim şəkərli diabet, ürək xəstəlikləri və depressiya riskini minimuma endirir.
Alimlərin fikrincə, sabit qidalanma rejimi yaşlılıqda sağlamlığı qorumağın ən sadə və əlçatan yoludur. Lakin bu metodun hamı üçün effektivliyini tam təsdiqləmək məqsədilə əlavə araşdırmalara ehtiyac olduğu bildirilir.