Professor Zəfər Əliyev: Sarışan hallar nevrozu daha çox gənc yaşlarda qeydə alınır
Sarışan hallar nevrozunun müasir adı obsessiv-kompulsiv pozuntudur. Bu xəstəlikdən əziyyət çəkənlər müxtəlif hərəkətləri, fikirləri təkrarlayırlar. Obsessiya hansısa fikrin beyində mövcudluğudur. Kompulsiyalarda isə təkrarlanma hərəkətlərə keçir. Bu xəstəlikdən əziyyət çəkənlər vəziyyətin fərqinə varırlar, lakin özləri ilə bacara bilmirlər. Nəticədə xəstə depressiyaya düşür, özünəqəsd dərəcəsinə çatır.
Dünya əhalisinin 1-3 faizində, o cümlədən Azərbaycanda da bu xəstəliyə rast gəlinir. Sarışan hallar nevrozu daha çox gənc yaşlarda qeydə alınır. Bu, sinir sisteminin müdafiəsinin nisbətən zəif olması ilə əlaqədardır. Hətta son məlumatlara görə, revmatizm xəstəliyinin bu psixi pozuntunun yaranmasında müəyyən rolu aşkar olunub.
Sehiyye.info bildirir ki,bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.
“Bu xəstəlik təcrübədə daha çox iyrənmə və vasvasılıq ilə özünü göstərir. Xəstəlikdən əziyyət çəkənlər saatlarla əllərini, paltarlarını yuyur, gün ərzində dəfələrlə çimirlər, ailə üzvlərini də buna məcbur edirlər. Üzərlərində quru və yaş salfetlər olur, tez-tez əllərini silirlər. Obsessiv-kompulsiv pozuntunun yaranmasında təhrikedici məqam rol oynayır. Belə ki, sinir sistemi zəif olarkən qeydə alınan psixoloji zərbə xəstəliyin yaranmasına təkan verir. Xəstəliyin yaranmasında irsiyyətin də böyük rolu var. Kimdəsə obsessiv-kompulsiv pozuntu varsa, növbəti nəsildə özünü göstərə bilər”, - deyə professor qeyd edib.
Z.Əliyev, həmçinin bildirib: “Sarışan hallar nevrozunun müalicəsi mütləq iki istiqamətdə aparılmalıdır. Psixiatrın təyin etdiyi dərman preparatları və psixoterapiya kompleks şəkildə həyata keçirildikdə müalicə effekt verir. Xəstəliyin müalicəsi uzun müddət davam etsə də, yüngülləşmə qeydə alınır. Sarışan hallar nevrozu yeni başlayanda müalicəsi daha asandır. Proses 5-10 il davam edərsə, həkim müayinəsi və müalicəsi olmazsa, o zaman görülən tədbirlər istənilən nəticəni vermir. Bəzən pasiyentlər özlərinə diqqət etmirlər, fiziki, psixoloji cəhətdən yüklənirlər, stress yaşayırlar və nəticədə xəstəlik yenidən geri qayıdır. Belə halların yaşanmaması üçün xəstədən həyat fəaliyyətini düzgün qurmaq tələb olunur. Xəstəliyin geri qayıtmamasında idmanın çox böyük rolu var”.
Professor, xəstəliyin gec başladığı halda müalicəsinin asan, xəstənin sağalma şansının isə çox olduğunu vurğulayıb.