sehiyye.info

Gələcəyimiz olan uşaqları zərərli vərdişlərdən qoruyaq

Gələcəyimiz olan uşaqları zərərli vərdişlərdən qoruyaq
Uşaqların çoxunda pis vərdişlər müşahidə olunur. Onlardan ən çox rast gəlinənləri – dırnaq yemək, barmaq sormaq, burun qurdalamaq, ağzı açıq yatmaq, saçları yemək və sair.

Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də, əslində bu, çox ciddi problemdir. Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək çox vacibdir. Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur.

Uşaqlarda dırnaq yeməyi tərgitməyin bir yolu onu görməzliyə vurmaq, bir müddət ona fikir verməməkdir. Uşaq yenə də dırnağını yeməkdə davam etsə, ona səbəb olan halları öyrənmək lazımdır. Uşağı bu vərdişinə görə danlamaq, qorxutmaq və ağlatmaq olmaz.

Uşaqların qorxu və qayğı yaradacaq vəziyyətlərdən uzaq olmaları məsləhətdir. Kiçik yaşlı uşaqların vahiməli və qorxulu filmləri izləməsi, dava-dalaşlı hadisələrdə iştirakı onlarda həyəcan yaratdığına görə təhlükəlidir və həmin həyəcan dırnaq yeməyə səbəb olur.

Psixoloqların fikrincə, uşaqlara gecələr yatarkən nazik əlcək geyindirmək dırnaqlarını yemək və ya dişləmək istəyəndə xatırladıcı təsir göstərə bilər. Zərərli vərdişlərdən qurtulmaq üçün barmaq və dırnağa acı lak, zərərsiz acı maye sürtülməsi həm xatırlatma mənası daşıyar, həm də dırnağını ağzına aparanda yanma hissi törədərək vərdişdən azad olmağa kömək edər. Uşaqların marağını başqa istiqamətə yönəltməklə də zərərli vərdişin qarşısını almaq olar. Məsələn, filmə baxanda və ya musiqi dinləyəndə uşağı meyvə və şirniyyatla məşğul etmək dırnaq yemənin qarşısını ala bilər.

Son zamanlar yayılan pis vərdişlərdən biri də uşaqların barmaqlarını ağzına salmasıdı. Əslində, barmaq sormaq 3-4 yaşına qədər davam edən normal bir haldır. Körpələr diş çıxarma müddətində damağın qaşınmasından dolayı barmaq əmməyə başlaya bilərlər. Bu davranış əksər hallarda körpə yuxuya gedərkən, ac olduqlarında, yalnız qaldıqlarında, qorxduqlarında ortaya çıxa bilər. Lakin əgər bu yaş dövründən sonra uşaq barmaq sormağa davam edirsə və ya bu hal artıq normal olmayan vərdiş halını alıbsa, bu zaman səbəb olaraq psixoloji halları nəzərdən keçirmək lazımdır. Valideynlər uşağa qarşı sərt davranış sərgiləyirlərsə, özünə qarşı güvən görməyən uşaq da barmaq sorma vərdişi göstərə bilər. Uşaqlar ana və atalarının diqqətini çəkmək məqsədilə (məsələn, ailədə yeni doğulan bacı və ya qardaş varsa) də barmaq əmmə davranışını sərgiləyə bilərlər. Uşaqlar onlarla kifayət qədər maraqlanılmadığını düşündüklərində valideynlərinin marağını çəkə bilmək üçün daha azyaşlı uşaq kimi davrana bilərlər. Unutmayaq ki, uşaqları tərbiyə edərkən onları utandırmaq və "bir daha etməyəcəm" vədi almaq lazım deyil. Bununla yalnız və yalnız uşağa psixoloji zərbə vurmuş olarsınız. Bu problemi aradan qaldırmaq isə daha çətindir, nəinki pis vərdişi tərgitmək. Valideynlər bir məqama xüsusi diqqət etməlidirlər: uşaqla deyil, zərərli vərdişlərlə mübarizə aparmaq lazımdır.//ikisahil



REKLAM