"Bəzi xəstəxanalarda vətəndaşdan sağlamlıq haqqında arayış üçün qan alınır, amma analiz edilmir" - AÇIQLAMA
Azərbaycanda sağlamlıq haqqında arayış üçün tələb olunan dövlət rüsumu 40 manatdır. Belə ki, sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir.
Lakin bəzi xəstəxanalar vətəndaşlara sağlamlıq haqqında arayışı heç bir analiz edilmədən pulla satır. Bu da tez-tez müxtəlif fəsadlarla cəmiyyətdə özünü göstərir.
Bəs görəsən bu kimi halların qarşısı niyə alına bilmir?
Bu barədə sosioloq Lalə Mehralı Sonxeber.az -a açıqlama verib:
"Sağlamlıq haqqında arayışın verilməsi üçün rəsmi rüsum təyin ediləndən bəri insanlar bütün müayinələrdən keçərək öz arayışlarını əldə edirlər. Amma bəzən bəzi poliklinikalar bəzi müayinələrin həyata keçirilməsində etinasızlıq göstərir. Məsələn psixoloji, narkoloji müayinələr dərindən aparılmır. İnsanın üz-gözünü müşahidə etməklə onun psixoloji vəziyyəti barədə proqnoz vermək mümkün deyil. Lakin, bəzi xəstəxanalar məhz bu yoldan istifadə edir. Düşünürəm ki, sağlamlıq arayışlarının verilmə prosesinə ciddi formada nəzarət mexanizmi olmalıdır. Vətəndaşlar rüsumu ödədikdən sonra belə müayinə zamanı etinasızlıqla üzləşirlər. Bəzi xəstəxanalarda vətəndaşdan sağlamlıq haqqında arayış üçün qan alınır, amma analiz edilmir. İstər sağlamlıq haqqında arayışlar olsun, istər sürücülük vəsiqələri olsun - bunların hər biri xüsusi yoxlamalarla, araşdırmalarla və təhlillərlə vətəndaşlara verilməlidir. Əks halda ciddi problemlər yaranır".