sehiyye.info

Dəm qazından ölməmək üçün bunlara əməl edilməlidir – “Azəriqaz”dan əhaliyə çağırış

Dəm qazından ölməmək üçün bunlara əməl edilməlidir – “Azəriqaz”dan əhaliyə çağırış
Havalar soyuyan kimi, dəm qazından ölənlərin sayı artmağa başlayır. Dəm qazından zəhərlənmə halları da daha çox tələbələr yaşayan evlərdə baş verir. Bu isə insanlarda haqlı narahatlığa səbəb olur. Bunun qarşısını almağın yolu varmı? Hansı qızdırıcılar daha təhlükəlidir?

Ümumiyyətlə, qadağan olunan istilik cihazı varmı?

Sehiyye.info bildirir ki,Globalinfo.az-a danışan SOCAR-ın “Azəriqaz” İstehalat Birliyinin (İB) SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov dəm qazının natamam yanma məhsulu olduğunu bildirib.

Onun sözlərinə görə, dəm qazının yaranmaması üçün qaz qurğusunda tam yanma prosesi getməlidir:

“Əgər natamam yanma prosesi getsə, dəm qazı əmələ gələcək. Bir kubmetr metan qazının tam yanması üçün 10 kubmetrə qədər hava lazımdır. Qaz qurğusu işləyən məkanda hava axını təmin edilməli, ventilyasiya kanalı olmalıdır. Bundan başqa, nəfəsliklər açıq olmalı və otağa daimi oksigen girməlidir. Həmçinin qaz qurğusu yerləşən otaqda dəm qazını aşkar edən və vaxtında siqnal verən qaz detektoru və dəm qazına həssas detektor quraşdırılmalıdır. Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez hava dəyişilməlidir. Qızdırıcıların havasovurucu borularının yaxşı işləməsinə nəzarət edilməlidir. Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq saxlanmalıdır. Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda baş gicəllənmə, baş ağrısı, quru öskürək, ürək bulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun itirilməsi və insanın anlaqsız vəziyyətə düşməsidir”.


Dəm qazından ölməmək üçün bunlara əməl edilməlidir – “Azəriqaz”dan əhaliyə çağırış

İlkin Behbudov

İ.Behbudov deyib ki, dəm qazını yaradan digər amillərdən biri də tüstü bacalarının işlək vəziyyətdə olmaması və ya tüstü bacalarının düzgün quraşdırılmamasıdır:

“Binalarda tüstü bacaları olan yerlər mütləq ildə bir dəfə təmizlənməlidir. Təmizlənməsi haqqında isə qaz paylayıcısına arayış verilməlidir. Tüstü bacaları standartlara uyğun quraşdırılmalıdır. Hər hansı divardan və ya pəncərədən nazik təbəqəli borunu bayıra çıxarmaqla “tüstü bacası var” deyə həmin qurğunu işlətmək qəti qadağandır. Dəm qazı sırf məsuliyyətsizlik və qazdan istifadə qaydalarına əməl etməməkdən yaranmış bir məhsuldur. Əgər biz qazdan istifadə qaydalarına riayət etsək, təbii qazla düzgün davrana, qurğulardan düzgün istifadə etsək, dəm qazının əmələ gəlməsi mümkün olmayacaq”



REKLAM