sehiyye.info

Oruc tutmayanların iftar süfrəsində nə işi var...? - Din xadimi aydınlıq gətirdi

Oruc tutmayanların iftar süfrəsində nə işi var...? - Din xadimi aydınlıq gətirdi
Müqəddəs Ramazan ayınını yaşayırıq. Bu ayda savab qazanmaq istəyən bir çox imkanlı və imkanı çatan şəxslər oruc tutan inanclı insanlar üçün iftar süfrələri açır. Müşahidələrə görə, oruc tutmayan, içki içən, hətta Allahın varlığını qəbul etməyən ateistlər belə bəzi hallarda iftar süfrələrində lap yuxarı başda əyləşirlər.

Bəzən kimlərisə bir neçə iftar süfərisində də görmək olur. Birində yarım saat əyləşir, sonra tez digərinə qaçır. Belələri nəfsini saxlaya bilməyən, sırf yemək-içmək xatirinə iftar mərasimlərinə qatılsalar da, dinimiz iftardan kənarlaşdırmanın əleyhinədir.

Dini ekspertlər də deyirlər ki, iftar adından da bəlli olduğu kimi oruc tutan şəxslərə verilir. Amma oruc olmayan, yaxud ateist olan biri iftar süfrəsində oturubsa, onun kənarlaşdırılması da doğru deyil. Yəni hər şey insanın öz vicdanına buraxılır.


“Təkcə mənim fikrim deyil, ümumən İslamda oruc tuta bilməyən insanın da iftar süfrəsində oturmağının heç bir qəbahəti yoxdur”.



Sehiyye.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında İçərişəhər Cümə məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli oruc tutmayan insanların iftar süfrəsinə qatılması ilə bağlı danışarkən bildirib:



“Orucluq ayı mərhəmət, bağışlamaq, eyni zamanda paylaşım ayıdır. Bu ayın möhtəşəmliyi ondadır ki, burada varlı ilə kasıb arasında ayrı-seçkiliyə yol verilmir. Şəriət və İslamda oruc tuta bilməyən insanlara da bu çağırışı edin, qoy gəlib süfrədə otursunlar. Çünki iftar süfrəsində oturmağın özündə bir bərəkət var”.


Hacı Surxay qeyd edib ki, şəriət ayrı-seçkilik etmir, iftar süfrəsində oruc tutmayan insanlar otura bilər. Belə bir məhdudiyyət İslamda yoxdu:


“Oruc tutmayan insanlar da Ramazanın feyzindən, bərəkətindən maddi və mənəvi cəhətdən qidalanmalıdırlar.

İslam dinində həm zahiri, həm də batini tərəf var. Biz insanları qınaya bilmərik ki, niyə oruc tuta bilmirsən? Çünki belə bir zorakılıq İslamda yoxdur.

Qurani-Kərimin “Bəqərə” surəsində belə bir məcburiyyət yoxdur.



Ola bilər ki, bir insanın xəstəliyi, problemi var, bu üzdən iç dünyasını heç kimə deyə bilmir. Amma bu xəstəliklərə rəğmən savab olaraq iftar süfrəsində əyləşir. Belə bir süfrədə oturmaq özü bir şəfadır”.



REKLAM