sehiyye.info

Uşağınız gec yatırsa...

Uşağınız gec yatırsa...
Demək olar ki, əksər ailələrdə yuxu rejimi ilə bağlı valideynlərlə uşaqlar arasında anlaşılmazlıqlar baş verir. Xüsusilə də, axşamlar günün yorğunluğundan xilas olmaq istəyən böyüklər üçün belə hallar daha xarakterikdir. Üstəlik, əgər evdə ata da, ana da işləyirsə, problem daha da dərinləşir.
Ancaq ilk illərdən başlayaraq uşağı yuxu rejiminə alışdırmaqla problemin qarşısını ala bilərsiniz. Məsələn, 3-6 yaş dövründə olan uşaqlar qaydaları pozmaqla, əslində, valideynlərinin səbir kasalarını yoxlamağa çalışırlar. Əsasən bu cür testlər valideynlərin ən çox üzərində durduqları şeylər ətrafında baş verir.
Əgər evdə ata da, ana da işləyirsə, uşaq bu boşluğu doldurmaq üçün yatmaq istəməyə bilər. Digər tərəfdən, uşağınız gecələr qorxudan da yuxuya getməkdə çətinlik çəkə bilər. Yeri gəlmişkən deyək ki, belə problemlər daha çox məktəb yaşına çatmamış uşaqlar üçün xarakterikdir. Məktəb yaşına çatmış uşaqlarda isə problemin əsas səbəbi stresdir. Digər tərəfdən, bu problem uşağın həyatında baş verən hər hansı spesifik bir hadisə ilə də bağlı ortaya çıxa bilər. Məsələn, boşanma, ailədə yeni uşağın dünyaya gəlməsi, valideynlərin uşağa göstərdikləri mənfi reaksiyalar və s.
Təbii ki, uşaqların yaşadıqları bu cür problemləri vaxtında hiss etmək çox vacibdir. Bu baxımdan valideynlik təkcə fədakarlıq yox, həm də bilik və bacarıq tələb edən bir sənətdir. İlk illərdə evdə müntəzəm yuxu rejiminin olmaması və ya yuxu rejiminə riayət edilməməsi uşaqlarda bu problemin meydana gəlməsinə səbəb ola bilər. Buna görə də, uşağı yuxuya həvəsləndirmək üçün yatmazdan əvvəl ona bir nağıl danışın. Bununla yanaşı, yaşından asılı olaraq uşağınızın otağında gecə lampası da yandıra bilərsiniz. Əgər uşağınızın yata bilməməsinə səbəb qorxudursa, otağının qapısını azacıq açıq qoya və ya sevdiyi bir oyuncaqla yatmasına icazə verə bilərsiniz. Ancaq bütün hallarda uşağınız niyə tez yatmalı olduğunu bilməlidir. Ona görə də, ən yaxşı yol bu vəziyyəti uşağınıza başa düşə biləcəyi bir şəkildə izah etməkdir.
Yeri gəlmişkən deyək ki, məktəbəqədər dövrdəki uşaqlar üçün yuxu müddəti gündə 10-12 saat, böyüklər üçün isə 6-8 saatdır. Bunu nəzərə alaraq ilk illər uşağınız üçün konkret yuxu rejimi tətbiq edin və mümkün qədər bu rejimin pozulmasına imkan verməyin. Üstəlik, yuxu rejiminin sizin iradənizdən asılı olduğunu da unutmayın. Həmçinin, uşağınızın mövqeyinizdə hər hansı bir boşluq hiss etməsinə də imkan verməyin. Əgər uşağınız ikinizdən birinizin mövqeyində boşluq hiss etsə, çəkinmədən ondan istifadə etməyə çalışacaq. Ona görə də, istər bu məsələdə, istərsə də başqa məsələlərdə həyat yoldaşınızla eyni dildə danışmağa çalışın.
Yuxu rejimində ifrat mövqe tutmaq da doğru deyil. Məsələn, uşağınız və ya ailənizlə bağlı hər hansı müsbət, ya da mənfi hadisə uşağınızın yuxu rejimini dəyişə bilər. Digər tərəfdən, ara-sıra uşağınızın müsbət hərəkətlərini mükafatlandırmaq üçün də yuxu rejimində müəyyən güzəştlərə gedə bilərsiniz. Siz televizorun qarşısında oturmusunuz, uşağınızdan isə yatmağı tələb edirsiniz. Təbii ki, uşaq üçün bunu qəbul etmək o qədər də asan deyil. Bunun üçün (xüsusilə də, uşağınıza yuxu rejimini aşılamağa çalışdığınız ilk illərdə) televizoru söndürə və ya yuxu saatına yarım saat qalmış “Bir az sonra yatmaq vaxtıdır” kimi xəbərdarlıqlarla uşağınızı yatmağa hazırlaya bilərsiniz.
Digər tərəfdən, yuxu saatına yaxın uşaqlarla həyəcanlandırıcı və ya hərəkətli oyunlar oynamaq olmaz. Gec yatan uşaqların gec oyanması da təbiidir. Bu problemi aradan qaldırmaq üçün uşağınızın başqa vaxtlarla müqayisədə daha tez yatdığı və daha tez oyandığı bir günü müəyyən edin və o günü mümkün qədər səmərəli keçirin. Daha sonra bu gün haqqında uşağınızla söhbət edə və: “Dünən tez yatdığın üçün bu gün tez oyandın, biz də səninlə çoxlu vaxt keçirdik”, - deyərək onu tez yatmağa həvəsləndirə bilərsiniz.//yeniavaz



REKLAM