Çoxunuzun tanımadığı bu yeməkləri yeməsəz yaxşıdır.
Hər birimiz həyatımızın müxtəlif dövrlərində səyahət edirik, müxtəlif ölkələr gəzirik və onlarla daha yaxından tanış olmaq üçün etdiyimiz ilk iş onların milli mətbəxindən olan fərqli təamları dadmaq olur. Təbii ki, bu, ağız dadımızı dəyişmək və yeni, maraqlı təcrübələr əldə etmək üçün də ən yaxşı yollardan biridir. Getdiyimiz ölkədə hər zaman ən keyfiyyətli yeməkləri ilə ən yaxşı restoranların axtarışında oluruq. Ancaq bəzi yeməklər də var ki, onları nəinki yemək, heç dadmaq da istəməyəcək və bunu edə bilməyəcəksiniz. Gəlin, dünyanın müxtəlif yerlərindən olan və bir çox mənbələrə, səyahətçilərin düşüncələrinə əsasən seçilən bu yeməklərlə yaxından tanış olaq.
Əsrlik yumurta - Çin
Bütün Asiyada delikates kimi tanına bu yemək həmçinin yüzillik yumurta, minillik yumurta və ya konservləşdirilmiş yumurta kimi tanınır. Təbii ki, yüz illər və min illər boyu qalmamışdır, ancaq ən az o qədər çürük bir iyə malikdir. Bu yumurtalar ördək, toyuq və ya bıldırcın yumurtalarının gil, kül, duz, sürtgəc və düyü gövdələrinin qarışığında aylarla qorunmasıyla hazırlanır. Bu prosesin nəticəsində yumurtanın sarısı tünd yaşıl və ya boz deyə biləcəyimiz bir rəngə çevrilir, mövcud hidrogen sulfidi və ammonyak səbəbiylə kəskin bir ləzzət inkişaf etdirir. Yumurtanın ağı isə duzlu dadı ilə olan tünd qəhvəyi, şəffaf bir jeleyə çevrilir.
Hákarl - İslandiya
İslandiyada həqiqətən böyük zəhmət tələb edərək hazırlanan bu yemək köpək balığının ətindən hazırlanır. Əslində köpək balığı əti yemək artıq adi hal alsa da, bu yeməyin hazırlanmasının digərlərindən fərqi var. İlk olaraq bu sırf Qrenlandiya köpək balığı olmalıdır. Ət mayalandırılır və bu prosesin tamamlanması uzun bir yoldan keçir. Bu köpək balığının əti soyuq bir çuxurun altına basdırılır, qum və daşlarla bərkidilir, 6 həftədən 12 həftəyə qədər orada saxlanılır. Beləliklə, soyuq sularda yaşamağa imkan verən zəhərli daxili mayelər axıdıla bilər, bu da əti istehlak üçün təhlükəsiz edər və yeyilə bilər vəziyyətə gətirər. Bundan sonra zolaqlara kəsilmədən və təqdim edilmədən öncə qurudulur. Bu proses isə 4 və ya 5 ay müddətini əhatə edir. Hazırlandıqdan sonra isə bu ətdən elə bərbad bir qoxu gəlir ki, onun yeyilə bilməsi üçün ancaq çox kiçik parçalarla təqdim olunur.
Haggis - Şotlandiya
Əgər Şotlandiyaya səyahət etsəniz, onlara görə "nəfis" sayılan bu yeməyi dadmağınızı sizə tövsiyyə edəcəklər. Ancaq siyahımıza düşə bildiyinə görə ona nə dərəcədə ləzzətli deyə bilərik, şübhəlidir. Bu, qoyunun ürəyi, qaraciyəri və ağciyərindən ibarət pudinqidir. Bunların hamısı soğan, yulaf yarması, piy, ədviyyat və duz ilə doğranır, bulyonla qarışdırılıb heyvanın mədəsində bişirilir. Görünüşdən o qədər də xoşagəlməz görünməsə də, həmçinin şotlandların özləri bunu çox sevsələr də, tərkibini bildikdən sonra böyük ehtimalla onlardan başqa kimsənin yeyə bilməyəcəyi, ümumiyyətlə, yeməyə cəhd belə göstərməyəcəkləri bir yeməkdir.
Casu Marzu - İtaliya
Yenə öz milləti üçün ən yaxşılardan biri sayılan, bizim üçün isə dadmayacağımız yeməklərdən biri. İtalyanlar üçün "Yaxşıların ən yaxşısı" sayılan bu pendir növü Sardiniyada qoyun südü pendirindən hazırlanır. Hərfi mənada "Casu Marzu" çürük və ya çirkli pendir deməkdir. Qarşınıza qoyularkən görə bilərsiniz ki, tərkibində canlı şəkildə olan böcək sürfələri var. Onlar mayalanma və yağların parçalanma səviyyəsini artırmaq üçün pendirə əlavə olunur. Bu, pendirin tipik mayalanmadan sonra piofila casei sürfələrinin həzm təsiri ilə meydana gələn parçalanma mərhələsinə çatmasına imkan verir. Nəticədə pendir yumşalır və bəzi mayelər üzə çıxır. Bəzən bu sürfələr hətta pendirin içində atdana bilər, ona görə də pendiri yeyən insanlar özlərini qorumağa hazır olmalıdırlar. Mümkün hallar da var ki, siz pendiri yedikdən sonra belə onlar sizin daxilinizdə canlı qalmağa davam edə bilərlər.
Balut - Filippin
Wow, bütün bu qeyri-adi yeməklərdən sonra nəhayət siyahımızda sonuncu yeməyə gəldik çatdıq. Bu, 14 ilə 21 gün arasında inkişaf etməmiş quş rüşeymləridir. Əksər hallarda ördək yumurtalarına üstünlük verilir. Bu yumurtalar adi şəkildə qaynadılır, çili sirkəsi ilə servis olunur və sonra da adi yumurta kimi açılıb yeyilir. Lakin içində görəcəyimiz bizim öyrəşdiyimiz ağlı sarılı yumurtadan çox fərqli bir şey - inkişaf etməmiş balaca quş rüşeymi olur. Filippinlilərin sevimli ayaqüstü yeməkləri sayılır.
Böyük ehtimalla hər biriniz bu siyahının əsasən Şərqi Asiya mətbəxindən ibarət olacağını düşünürdünüz, ancaq bu belə olmadı. Həmçinin Çin, Yaponiya, Koreya kimi ölkələrdə əhalinin sayının çoxluğu o yeməkləri yeyənlərin də sayının çoxluğuna təsir göstərdiyindən bir çoxu bu siyahıda yer almırlar.
Təbii ki, bu siyahını 10, 20, hətta 50 müxtəlif yemək növü ilə uzatmaq olardı. Yarasa şorbası, Kobra ürəyi, Tısbağa şorbası, Arı krekerləri, Tuna balığının göz almacıqları və s. hələ bu kimi adını çəkmədiyimiz bir çox yeməklər var. Bütün bu yeməkləri və 100-ə yaxın digərlərini 2018-ci ildə İsveçdə açılan The Disgusting Food Museum-da (İyrənc yemək muzeyi) görə bilərsiniz. Hətta bir maraqlı məqam kimi qeyd edə bilərik ki, bizim də mətbəximizdə çox yaxşı tanınan Xaş, Kəllə paça kimi yeməklər də dünya üzrə bu siyahıya daxil edilmişlər.
Beləliklə, əminliklə deyə bilərik ki, əgər səyahətinizdən geriyə ömür boyu yadda qalacaq xoşagəlməz xatirələr saxlamaq istəmirsinizsə, bu və bunlar kimi digər yeməklərdən hər zaman uzaq qaçmalısınız.//araz