sehiyye.info

Saçınız tökülür? O klinikalara inanmayın - Aldatmaqda mahirdirlər

Saçınız tökülür? O klinikalara inanmayın - Aldatmaqda mahirdirlər
Demək lazımdırki, hər klinkaya, hər reklama, hər həkimə və hər gülərüz xidmətə görə işin keyfiyyətini qiymətləndirmək olmaz. Qətiyyən olmaz. Qarşılaşdığım vəziyyət sizə hər şeyi izah edəcək.

Saç tökülməsi problemimin qarşısını almaq üçün müxtəlif variantlardan istifadə etmişəm.


Qarışımlardan tutmuş spreylərə qədər. Bunlar arasında ən effektivi sprey idi, onu da ömrünün sonuna qədər hər gün səhər-axşam davamlı şəkildə istifadə etməlisən. Həm də haqqındakı şayiələr - deyirlər, hansısa xəstəliyi yaradır - məni bu vasitədən çəkindirdi.

Feysbukda qarşıma saç müalicəsi üçün reklam çıxdı. Təbii ki, alqoritmə uyğun olaraq davamlı saç tökülməsinə qarşı fəaliyyət göstərən bütün səhifələr təklif olunur.

Biri ilə danışdım, 1 ay kurs keçdim, effektini görmədim. Qiyməti normal olduğu üçün bunun üzərindən keçirəm. İlk kursda 80 manatlıq paketlərində yer alan dərmanı bir-iki dəfə qəbul etmədim, məhz buna görə ikinci kurs üçün vasitələri istəyəndə onlar yenidən eyni müalicəni dəqiqliklə yerinə yetirməyimi tələb etdilər və təkrar eyni paket təklif olundu və mən razılaşmadım.

Amma məşhur simalarla özlərini reklam edən klinikalardan biri ilə tanış olduqdan sonra onların bahalı müalicə kursunu qəbul etdim. Təəssüf, heç bir nəticə əldə etmədim, ona görə də bunu sizinlə bölüşmək qərarına gəldim. Ətraflı izah edəcəyəm ki, qaranlıq heç nə qalmasın.

Ümumiyyətlə, saçla bağlı haradan, kimdən müalicəvi nəsə eşidirdimsə, tətbiq edirdim. Çünki saçlarım sürətlə tökülürdü.

Həmin məşhur, nüfuzlu klinikanın səhifəsinə yazdım, özləri əlaqə saxladı və pulsuz müayinə, həmçinin cüzi ödəniş olacağını dedilər. Amma... Klinikaya daxil olursan, həkim səni qarşılayır, əvvəlcə məlumatlandırır və səni inandırır ki, nəticəsi olacaq. Dərhal qiymətlərlə tanış edir və sosial media vasitəsilə gəldiyim üçün endirim olacağını deyir. İlk gündən maksimum nə qədər imkan varsa, pul ödəməyimi təklif edir. Belə də edirəm. Lakin daha sonra müqavilə imzalamağa aparır, sənəddə “nəticə görmədiyiniz halda pulunuz geri qaytarılmayacaq” bəndini görməyim heç nəyi dəyişmir. Ödənişi isə hissələrə böləcəklərini deyib bir ayın içindəki həftələrə bölürlər. Ümumi qiymət isə 1000 manat edir, təbii ki, endirimlə. Hər həftə 10 prosedurdan keçməliyəm. Fikirləşdim ki, eybi yox, saç əkdirməkdən ucuzdur, birdəfəlik bununla problem həll olunacaq.

Ya Allah, müalicəyə başladım. Başlamaz olardım. Yuxarıdakı bənd, əslində, "dəyişən heç nə olmayacaq" demişdi. Elə oradaca fikrimdən daşınmalı idim. Əfsus...

Amma, ancaq və lakin 5 prosedur keçmişdim ki, saçımın daha çox töküldüyünü gördüm. Bunu onlar özləri də etiraf etdilər və dedilər ki, zəif tüklər töküləcək və yerinə yeniləri gələcək. İnandım. İnandırdılar. Yeri gəlmişkən, deyim ki, hər dəfə məni fərqli həkim qəbul edirdi və təzadlı fikirlər ortaya çıxırdı. Məsələn, aralarında yalnız biri təlimat kitabçasının vərəqi ilə məni tanış etdi. Mezoterapiyadan (başa iynə vurulur) əvvəl saç yuyulmalı, prosedurdan sonra isə azı 1 sutka yuyulmamalı imiş. Sonradan bilmişəm, çünki sonradan dedilər.

5 prosedurdan sonra bildim ki, qan analizindən keçməliyəm. Yəni analizlərə baxıb yeni bir prosedur tətbiq ediləcək və ödəniş olacaq. Əvvəlcədən bu haqda məlumat verilsəydi və daha çox ödəniş etməli olacağımı bilsəydim, əlbəttə, müalicəyə başlamazdım. Sən demə, saç tökülməsi daxili problemləmlə bağlı olanda xaricdən nə edirsən et, xeyri yoxdur. Hamısı müvəqqəti xarakter daşıyırmış. Nə isə... Məsələn, vitamin çatmırsa, bunu aradan qaldırmaq lazım imiş.

Digər bir həkim başımda bizim kəpək, onların keratoz dediyi qabıqların getməsi üçün skrab adlı saç kremindən istifadə etməli olduğumu söylədi. Amma bir çox parfümeriya yerlərində deyildi ki, saç üçün skrab adlı bir şey olmur, hətta istəyimi təəccüblə qarşıladılar.

Bunlardan öncə isə yalnız sulfatsız şampundan istifadəni tapşırmışdılar. Lakin klinikanın bir başqa həkimi dedi ki, şampunları dəyişmək olar. Sulfatsız saçıma da pis təsir göstərmişdi. Belə çıxır ki, hər bir avazla oxuyur.

Xülasə, mənə artıq aydın oldu ki, heç nə dəyişməyəcək. Saçımın tökülməsi dayanmayacaq.

Sona yaxın 5 prosedur da təklif etdilər, yenə də məni əmin etdilər ki, bu, çox effektlidir və indi ödəniş etsəm, ucuz qiymətə olacaq. İnanmayacaqsınız, amma bunu qəbul etdim. Bilirsiniz, niyə? Çünki əvvəlki ödəniş batmasın deyə, qumar masasından qalxmadım. Amma bu dəfə fərqli etdim. Son 2 proseduru geri çevirdim. Ucuz sayılanı baha sayılanla dəyişdirməyi istədim. Bu dəfə onlar qəbul etməli oldu. Amma nə dəyişdi ki... Udan onlar oldu, uduzan mən.

Bunları sizə niyə danışdım? Belə klinikalara üz tutsanız, ən azından bir dəfə deyil, bir neçə dəfə düşünüb-daşınasınız, çək-çevir edəsiniz, mənə inanmırsınızsa, güvəndiyiniz birindən soruşasınız. Dərhal görüntüyə və deyilənlərə inanmayın. Vəssalam...

Onu da bildirib ki, sonradan məlum oldu ki, həmin klinikada başqa prosedurlar da belə hiyləgər marketinq qanunları ilə həyata keçirilir. Hətta nəticəsindən asılı olmayaraq, hansısa vasitələri də, yəni krem-filanlar satılır, yox, yox, üzr istəyirəm, sırınır.

P.S.: Şəklim sizi aldatmasın, saçım üst hissədən tökülür və arxa hissədən tam aydın görünür.//olke.az



REKLAM