sehiyye.info

Azərbaycan bu xəstəliklərə görə dünyada liderdir? - AÇIQLAMA

Azərbaycan bu xəstəliklərə görə dünyada liderdir? - AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı maraqlı bir statistika paylaşıb. Məlumatda deyilir ki, dünyada kişilər arasında ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm sayına görə Azərbaycan birinci sırada yer alıb. İkinci sıranı Tacikistan, üçüncü yeri isə Belarus tutur. Bu sıralamada ilk beşliyi Özbəkistan və Ukrayna qapadır.

Qonşu dövlətlərdən Gürcüstan bu sıralamada 18-ci, Rusiya 21-ci, İran 66-cı, Türkiyə isə 117-ci yerdə qərarlaşıb.

Bəs, ölkəmizin belə bir sıralamada lider olmasının səbəbi nədir?

Suala kardioloq, uzman həkim Üzeyir Rəhimov aydınlıq gətirib. News365.az -a açıqlamasında o bildirib ki, burda tək səbəb Azərbaycanda ürək-damar xəstəliyinin çoxluğu deyil:

“ Burda bəzi vacib məqamlar var. Azərbaycanda ölənlərin hamısının ölüm kağızına bir qayda olaraq ürək çatışmamazlığı yazılır. Məlumdur ki, istənilən ölüm halında ilkin olaraq ürək dayanmalıdır. Bizdə də onkoloji və yaxud digər xəstəlikdən vəfat edən də səbəb kimi urək çatışmamazlığı göstərilir. Bir sözlə kim vəfat edirsə onun ölüm kağızına istər təcili yardımlarda, istərsə də xəstəxanalarda ürəyin dayanması yazılır. Bu da statistikaya ürəkdən ölüm kimi düşür. Ona görə də ürəkdən ölüm sayının statistikasına görə Azərbaycan dünyada ilk sıraları tutur”.

Müsahibimiz onu da qeyd edib ki. bu o demək deyil ki, Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən insanların sayı qonşu və digər dövlətlərdə olan xəstələrdən daha çoxdur:

“Qətiyyən. Dəqiq statsitika aparılsa, Azərbaycan bu məsələdə çox-çox aşağı yerlərdə qərarlaşar. Etiraf edək ki, ölkəmizdə bəlkə də yeganə xəstəlikdir ki, ürək-damar xəstəliklərinin müalicəsinə 100 faiz təminat var. Üstəlik, müalicə və cərrahiyyə üsulları kifayət qədər əlçatandır”.//News365



REKLAM