sehiyye.info

Zərərli qatqı maddələri ən çox bu qidaların tərkibində olur - SİYAHI

Zərərli qatqı maddələri ən çox bu qidaların tərkibində olur - SİYAHI
İstehsal, emal, saxlama və ya qablaşdırma kimi mərhələlərdə qidalara əlavə edilən qatqı maddələri E kodu ilə işarələnir.
Qablaşdırılmış məhsul aldığımız zaman inqrediyentlər bölməsində qida əlavələri və onların kodları ilə qarşılaşırıq.
Sehiyye.info xəbər verir ki, bütün qida məhsulları paketlərində qida əlavələrinin E hərfi ilə işarələnməsinə 1996-cı ildən başlanılıb. Bunlar Avropa İttifaqı tərəfindən müəyyən olunan və qida əlavələrini müəyyən etmək, hər hansı qarışıqlığın qarşısını almaq üçün istifadə edilən kodlardır. Bu kodlar hər bir əlavə üçün Avropa İttifaqının "Qida Elmi Komitəsi" tərəfindən müəyyən edilir. Təbii və ya süni (sintetik) olmasından asılı olmayaraq qidalarda istifadə olunan əlavələr və maddələr bu kodlaşdırma sisteminə daxil edilir.
Ancaq mütəxəssislər bildirirlər ki, paketlərin üzərində yazılan “Avropa İttifaqının standartlarına uyğun olan təhlükəsiz qida əlavəsidir ” sözləri bunların sağlamlığa zərərli olmadığına təminat vermir.
Qida mühəndisi Ezgi Eryiğit Arslan E kodların mənalarını və hansı qatqı maddələrinin nəyə zərərli olduğunu izah edib.
Hansı E kod nəyə işarə edir?
Rəngləndiricilər: E 100 – 180
Konservantlar: E 200 – 297
Antioksidanlar: E 300 – 321
Emulqatorlar və stabilizatorlar: E 322 – 500
Turşu/əsas təminatçıları: E 500 – 578
Şirinləşdiricilər, ətirlər: E 620 – 637
Digər məqsədlər üçün: E 900 – 927
Qida əlavələrinin zərərləri
"Qida əlavələrinin dozaları çox vacibdir. Əlavələr minimum dozalarda istifadə edilməlidir. Bunlar tövsiyə olunan dozalardan yüksək miqdarda istifadə edildikdə zəhərli təsirlərə malik olurlar.
Buna görə əlavələrin istifadəsi ilə bağlı qərar qəbul etməzdən əvvəl Beynəlxalq Qida Kodeksi Komissiyası tərəfindən illərlə toksikoloji tədqiqatlar aparılır. İstifadə limitləri bu araşdırmalara görə müəyyən edilir. Bu araşdırmalar nəticəsində istifadəsi təhlükəsiz olduğu müəyyən edilən maddələrin siyahısı hazırlanır.
İstifadəsi təsdiqlənəcək maddələrin gündəlik miqdarları (ADI) və ömür boyu bədənə gündəlik qəbul edilə biləcək miqdarlar, eləcə də müxtəlif qidalarda istifadə limitləri (maksimum limit = ML) ilə bağlı siyahılar hazırlanır. Bu təşkilatlara üzv olan ölkələrdə həmin siyahılardakı maddələrin müəyyən edilmiş maksimum həddə qida məhsullarına daxil edilməsinə icazə verilir. Buna baxmayaraq, hansı qida maddəsinin hansı problemlərə səbəb ola biləcəyini bilmək faydalıdır. Çünki bütün istehsalçıların qaydalara əməl etdiyindən əmin ola bilmərik. Qida əlavələrinin bir neçəsi bəzi inkişaf etmiş ölkələrdə tamamilə qadağan edilib. Zərərləri sübut olunsa da, hələ də istifadə edilən qida əlavələri də var", - deyə Ezgi Eryiğit Arslan bildirib.
Onun sözlərinə görə, qatqı maddələrinin qısa zamanda üzə çıxan ən mənfi təsirlərini belə sadalamaq olar: qidaya qarşı allergiyalara səbəb olurlar; qalxanvarı vəz xəstəliklərinin əmələ gəlməsində rol oynayırlar; iltihabi reaksiyalara, baş ağrılarına, öd sancılarına, qıcıqlanma və yorğunluğa səbəb olduqlarına dair araşdırmalar mövcuddur; dəri üçün zərərlidirlər; immun sisteminə pis təsir edirlər; bağırsağın təbii mikroflorasını pozurlar; onkoloji və ürək-damar patologiyalarına səbəb olurlar; qaraciyərin funksiyaları və maddələr mübadiləsi pozulur; bədxassəli şişlərin əmələ gəlməsinə səbəb ola bilirlər; astmaya gətirib çıxarırlar; uşaqlarda hiperaktivliyin əsas səbəbləri arasında göstərilirlər.
Ən təhlükəli qatqı maddələri
- E102 Tartrazin/Tartrazine
- E110 Gün batımı sarısı FCF
- E122 Azorubin
- E124-Ponso 4R
- E211-Natrium benzoat
E102 Tartrazin/Tartrazine - Süni rəngləndiricidir. Əsasən bu qidalarda olur:
Alkaqolsuz içkilərdə,
Taxıl lopalarında,
Hazır keks qarışıqlarında,
Hazır souslarda,
Toz halındakı içki qarışıqlarında,
Ədviyyatlarda,
Hazır əriştələrdə,
Qarğıdalı çipslərində,
Popkornda
Tartrazin Avstriya və Norveçdə tamamilə qadağandır.
E110 - Bu da süni rəngləndiricidir. Aşağıdakı qidaların tərkibində olur:
Qənnadı məmulatlarında,
Jeledə,
Meyvə ətirli içkilərdə,
Saqqızlarda,
Hazır şorbalarda,
Toz halındakı toz içkilərdə,
Souslarda,
Biskvitlərdə,
Hazır kekslərdə.
Bu qatqı maddəsi də Norveçdə qadağandır.
E122 Azorubin - Qırmızı qida boyasıdır.
Əsasən Qablaşdırılmış jeledə,
Qənnadı məmulatlarında,
Dondurmalarda,
Meyvəli yoğurtlarda,
Hazır mürəbbələrdə,
Hazır keks və tortlarda,
Hazır şorbalarda istifadə olunur.
Bu qatqı maddəsi isə Kanada, Yaponiya, Norveç, İsveç və ABŞ-da qadağandır.
E124 - Süni qırmızı qida boyasıdır.
Meyvə əsaslı konfetlərdə,
Hazır tortlarda,
Tort üçün bəzək məmulatlarında,
Kosmetik məhsullarda ( xüsusən də dodaq boyalarında) istifadə olunur.
Bu qatqı maddəsi ABŞ, Norveç və Finlandiyada qadağandır.
E211 - Natrium benzoate
Qidalarda kif və maya əmələ gəlməsinin qarşısını almaq üçün istifadə edilən qoruyucu əlavədir.
Portağal tərkibli içkilərdə,
Meyvə şirələrində,
Süd məhsullarında,
Ət məhsullarında (sucuk, köftə)
Çörək məmulatlarında,
Turşularda,
Soya sousunda,
Hazır souslarda,
Hazır konservlərdə,
Şirniyyatlarda,
Diş pastalarında və
Ağız yaxalama sularında istifadə edilir.//publika



REKLAM