Balqabaq çox xeyirli tərəvəzdir,bol-bol istifadə edin.

Bu aylarda balqabağın ən çox bol olan vaxtlarıdır.Tə qədimdən balqabaq müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunur.
Bu gün balqabaq almaq istəyənlər onu bazarlarımızdan, marketlərimizdən ala bilər. Bu tərəvəzin həyatımızda qida və müalicəvi baxımdan əhəmiyyəti böyükdür. Xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunan bu tərəvəzi seçərkən çalışmaq lazımdır ki, üzərində heç bir zədəsi olmasın. Bundan başqa kəsilmiş balqabağı üç gündən çox saxlamaq olmaz. Çox qaldıqda tərkibindəki şəkər və qidalı maddələr azalır. Odur ki, balqabağı kəsdirib az-az almaq və tez istifadə etmək məsləhətdir. Bostanların yaraşığı olan balqabaq soyuğu və birbaşa günəş şüasını sevmir. Bitdiyi yer çox günəşlidirsə, ətrafa uzanan tağları ilə onu bürüyərək üzərini örtmək olar. Sevmədiyi şəraitdə tərəvəz tez çürüyür. Saxlanılma qaydasına gəldikdə isə bütöv balqabağı yaxşı havalanan yerdə 10-15 dərəcə temperaturda saxlamaq məsləhətdir. Əgər bunlara riayət etsək, onda bütün qışı balqabaqdan rahatlıqla faydalana bilərik. Ümumi çəkisinin yarıdan çoxunu yeməli hissə təşkil edən balqabaq sağlamlıq üçün çox xeyirlidir. Belə ki, balqabaq qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, sağlamlıq üçün yumşaldıcı xassəyə malikdir, susuzluğu aradan qaldırır, bişmiş halda qızdırma və öskürəyə yaxşı təsir göstərir.
Sehiyye.info xəbər verir ki, balqabaq yuxusuzluq hallarına da yaxşı təsir göstərir, immunitet sistemini gücləndirir. Narıncı rəngli balqabaq dəmirlə yanaşı, bir çox vitaminlərlə də zəngindir. Uşaqlarda sümüklərin möhkəmlənməsi və qanazlığının aradan qaldırılması üçün əvəzolunmaz nemət olan balqabaq görmə qabiliyyətini artırır. Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra balqabaq şirəsi ən yaxşı vasitədir. Ürək-damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O, həmçinin qan təzyiqini də aşağı salır. Əsəblərin daim gərgin olmasından, sinir sistemindən şikayətlənənlər üçün balqabaq şirəsi əvəzsizdir. Lakin gün ərzində bu şirədən 1 stəkandan artıq içmək məsləhət görülmür. Və çalışmaq lazımdır ki, şirə təzə-təzə çəkilərək içilsin. Çünki onun faydası ilə yanaşı, əks göstəriciləri də var. Qida əhəmiyyəti sayılmaqla bitməyən bu bitkidən milli mətbəximizdə müxtəlif tərkibli plovlar, şorbalar, şirniyyatlar, qutablar, kətələr, mürəbbə və cemlər hazırlanır. Bir çoxlarının bəzən gərəksiz bildiyi tumundan da istifadə edirik. Soyuq, yağışlı payız havası balqabaqlı təamların əsl vaxtıdır.