Göyçayda qida məhsullarının saxlandığı anbarda yoxlama keçirilib - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göyçay rayonu, Çayarxı kəndində fəaliyyət göstərən, fiziki şəxs Səbuhi Fərhad oğlu Kərimova məxsus qida məhsullarının saxlandığı topdansatış anbarında agentlik əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
AQTA-dan verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Belə ki, anbarda son istifadə tarixi bitmiş və etiket məlumatları qeyd olunmayan müxtəlif növ qida məhsulları müəyyən edilib, həmçinin sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının temperatur rejiminə, saxlanma şəraitinə və mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar məlum olub.
Faktla əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Anbarın fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub və nöqsanların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.