Erkən yaşda cinsi əlaqə bu xəstəliklərə yol açır

Cinsi fəaliyyətin erkən yaşda başlaması insan papillomavirusunun (HPV) səbəb olduğu orofaringeal xərçəngin inkişaf riskini artırır.
Sehiyye.info xəbər verir ki, bu qənaətə Leypsiq Universitetinin alimləri gəlib, onların araşdırması "Cancers" jurnalında dərc olunub.
Əvvəlki araşdırmalarda mütəxəssislər baş və boyundakı bədxassəli şişlərin, xüsusən də ağız-udlaq xərçənginin cinsi yolla ötürülən HPV ilə əlaqəli ola biləcəyini müəyyən ediblər. Hazırkı təcrübədə 303 sağlam insan və 317 xərçəng xəstəsi iştirak edib. Alimlərin gözləntilərinin əksinə olaraq, ikinci qrup könüllülərin birincidən daha çox cinsi partnyoru olmayıb. Bununla belə, xərçəng xəstələri daha çox siqaret çəkib və daha çox spirtli içki qəbul ediblər. Bundan əlavə, HPV-nin səbəb olduğu orofaringeal xərçəng 18 yaşından əvvəl cinsi əlaqədə olanlarda daha çox rast gəlinib.
Alimlərin fikrincə, yetkinlik yaşına çatmamış uşaqların HPV-yə qarşı peyvənd edilməsi orofaringeal xərçəngin inkişaf riskini azaltmağa kömək edəcək. Doqquz yaşından etibarən peyvəndlərə icazə verilir.//publika