sehiyye.info

Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar – QİYMƏTLƏR və KLİNİKALAR

Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar – QİYMƏTLƏR  və KLİNİKALAR
Azərbaycanda həyata keçirilən cərrahi əməliyyatlar müxtəlif qiymətlərə başa gəlir. İqtisadiyyat.az olaraq ən bahalı əməliyyatlarla maraqlandıq. Mövzu ilə bağlı saytımıza danışan ümumi cərrah Samir Hacıbabayev bunları dilə gətirib: “Ən bahalı əməliyyatlar ürək-damar cərrahiyyəsində olan xəstəliklərlə və neyrocərrahiyyə ilə bağlı həyata keçirilir. Bu siyahıya şübhəsiz transplantasiya (köçürmə) tipli əməliyyatları da aid edə bilərik. Bu əməliyyatlarda həddən artıq yüksək texnoloji vasitələrdən istifadə olunur. Birdəfəlik istifadə olunan cərrahi vasitələr çox bahalıdır. Məsələn, ürək əməliyyatında xəstəni süni qan dövranı aparatına qoşuruq. Bu xüsusi borulardan ibarət bir cihazdır. Süni qan dövranı yaradır. Dəst şəklində alınır. Çox baha başa gəlir. Yaxud şah damarda bəzən xüsusi stendlərin qoyulması tələb olunur. Bunlar da məsrəfli əməliyyatlar hesab olunur. Üstəlik, onların sonrakı reanimasyon dövrü də bəzən uzun müddət tələb edə bilər. Bu da xərcləri artıran amillərdəndir”.



Həkim-cərrah orqan köçürülməsindəki vasitələri xüsusi qeyd edib: “Transplantasiya tipli əməliyyatlarda da yenə birdəfəlik istifadə olunan dəstlər var. Məsələn, ya böyrəyi, ya qaraciyəri köçürürlərsə, burada transplantasiyaya məruz qalan orqanın xarab olmaması üçün soyuğa davamlı və işemik dövrdə xeyli müddət qala bilməsi üçün çox bahalı xüsusi qoruyucu məhlullardan istifadə olunur. Qiymətlərə gəldikdə Azərbaycanda qaraciyər köçürülməsi əməliyyatları 80-90 min manata başa gəlir. Böyrək köçürülməsi 35-40 min, açıq ürək əməliyyatları isə təxminən 6-8-10 min manat civarındadır. Burada qiymətlər əməliyyatsonrası reanimasyon yatış və ümumilikdə xəstəxanada qalma müddətinə görə dəyişə bilər”.


Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar – QİYMƏTLƏR  və KLİNİKALAR
Mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən tibbi marketoloq Vitali Yusibov bildirib ki, cərrahi əməliyyatlar ölkə xaricində daha sərfəlidir, nəinki Azərbaycanda: “Xaricdə bunların xərci yarıbayarı azdır, yəni Azərbaycanla müqayisədə qat-qat ucuzdur. Bunun da səbəbi əməliyyat zamanı istifadə olunan tibbi ləvazimatların Azərbaycanda istehsal olunmaması, xaricdən idxal edilməsi ilə bağlıdır. O ölkələrdə isə həmin bahalı məhsullar özlərində istehsal olunur deyə bizimlə müqayisədə əməliyyat daha ucuz başa gəlir”.

V.Yusibov ölkə daxilindəki əməliyyatların bahalı olmasının digər səbəblərini də açıqlayıb: “Qiymətlərin yüksək olması həm həkim-cərrahın şəxsi nüfuzu ilə bağlı olur. Öz imicini qoruyan, təcrübəli mütəxəssislərin əməliyyat xərci daha bahalı olur. Həm də burada əməliyyatın harada icra olunması önəmlidir. Məndə olan məlumata görə, Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar “Mərkəzi Klinika”da və “Bona Dea”da həyata keçirilir”.

Neyrocərrah Rauf Sadıqov isə saytımıza açıqlamasında təmsil etdiyi sahədə bəzi əməliyyatların bahalılıq səbəbini bir neçə amillə izah edib: “Qiymətlərin yüksək olmasının səbəbi sərfiyyatla bağlıdır. Həm vaxt sərfiyyatı, həm də sərf olunan tibbi vasitələr. Məsələn, rutində bir əməliyyat 3 saat davam edir. Bunun anestezik xidməti var, istifadə olunan dərmanlar var. Bəzən 11 saat davam edən əməliyyatlar olur. Bu prosesdə iştirak edən tibb personalının əlavə dayanış saatı da ödənişi artıran səbəblərdəndir. Çünki iş vaxtının bitməsindən əlavə vaxt sərf edirlər. Bir də əməliyyatda istifadə olunan spesifik materiallar var. Məsələn, beyin pərdəsini, sümük defektlərini əvəz edən süni materiallar var. Daha sonra, xüsusi yapışdırıcıları misal göstərə bilərik. Məsələn, kəllə əsası defektlərə yamaq vurulub tikilməsi mümkün deyil. Yalnız üzərinə qoyub yapışdırılmalıdır. Onlar özəl, biolojik yapışdırıcılardır və kifayət qədər bahadır. Bundan başqa beyinin içinə qoyulan süni metal materiallar var. Yəni bahalılığı təmin edən əsas səbəb məhz istifadə edilən tibbi vasitələrdir”.



R.Sadıqov tibbi personalın sayının da qiymətə təsir etdiyini bildirib: “Tibbi vasitələrdən əlavə tibb personalının xəstəyə olan nisbəti də əməliyyatların qiymətinə təsir edir. Bu dünyanın hər yerində belədir. Özəl xəstəxanada bir xəstəyə xidmət göstərən personal sayı dövlət xəstəxanasında olduğundan daha çoxdur. Özəl xəstəxana daha çox maaş verir, ona görə də əməliyyatlar orada daha baha başa gəlir”.

Konkret rəqəmlərə gəlincə, neyrocərrah hər hansı bir əməliyyatdan sonra, ümumi reanimasyon və xəstəxanada qalma müddətləri də əlavə edildikdə, rəqəmlərin dəyişdiyini və yüksəldiyini qeyd edib: “Neyrocərrahiyyədə ən bahalı əməliyyatlardan biri Parkinson xəstələri üçün icra edilir. Onun da bahalı olmasının səbəbi beyinə yerləşdirilən elektrodlardır. Onların təkcə özü 30-40 minə başa gəlir. Bu əməliyyat Azərbaycanda geniş yayılmayıb. Ümumiyyətlə, bir beyin xəstəsi əməliyyatın və xəstəxanada qalma müddətinin sonunda xəstəxanaya 80-90 min manat xərci çıxa bilər. Amma bu sırf əməliyyatın xərci deyil. Əməliyyat ağır olanda, xəstənin reanimasiyada yatma müddəti var, çoxlu sayda analizlər var, dərmanlar var, qidalanması var. Adam yaşayır orada. Bütün bunlar üst-üstə gələndə, əlbəttə qiymət gəlib 80-90 minə çıxa bilər. Burada da qiymət klinikadan klinikaya dəyişir".



REKLAM