D vitamini çatışmazlığının əsas səbəbləri
D vitamin çatışmazlığı bütün yaş qruplarında rast gəlinən problemdir. Bu problem bir çox xəstəliklərlə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, bunlardan bəziləri xərçəng, ürək-damar, autoimmun, yoluxucu xəstəliklər və psixoloji problemlərdir.
Sehiyye.info D vitaminin faydalarını və çatışmazlığına səbəb olan amilləri təqdim edir:
D vitamini çatışmadıqda hərəkət çətinliyi, sümük ağrısı, saç tökülməsi, baş ağrısı, depressiya, yuxusuzluq, həddən artıq tərləmə, daimi üşütmə kimi əlamətlər meydana çıxır.
D vitamin çatışmazlığı olan uşaqlarda infeksiyalara meyl artır, immun reaksiyası zəifləyir.
Qış aylarında pnevmoniya və qrip kimi xəstəliklərin, ölüm hallarının artması da D vitamini çatışmazlığı ilə əlaqələndirilir.
D vitamin çatışmazlığına səbəb olan əsas amillər:
1. D vitamin çatışmazlğına dövrün ən çox rast gəlinən xəstəliklərindən biri- piylənmə səbəb olur. Çünki yağ hüceyrələri bu vitamini içinə çəkərək istifadəsinə imkan vermir.
2. Uzun müddət qapalı yerdə olmaq da D vitamini çatışmazlığına səbəb olur.
3. Əsas səbəblərdən biri də havanın çirkli olmasıdır. Çirklənmiş hava D vitamini sintezi üçün lazım olan ultrabənövşəyi şüaların yerə çatmasının qarşısını alır.
4. Tünd dərili insanlar açıq dərili insanlardan daha az D vitamini istehsal edir. Buna görə də, onlar daha artıq Günəş vannası qəbul etməlidirlər.
5. Yaşlı insanların dərisi daha az D vitamini sintez edir. Bu, qida çatışmazlığı ilə yanaşı, yaşlılarda D vitamini çatışmazlığının əsas səbəbidir.
6. Vərəm və epilepsiya dərmanlarından istifadə edənlər də D vitamini çatışmazlığı riski altındadır.
Balıq yağı, qızılbalıq, skrumbiya, süd, pendir, kərə yağı, yumurta sarısı D vitamin ilə zəngin olan qidalardandır.
Gün ərzində saat 11-3 arası qoruyucu krem istifadə etmədən 15-20 dəqiqə günəş şüası qəbul etmək də D vitaminin bədənə daxil olmasına səbəb olur.
D vitamini astma, allergiya, hipertoniya, ürək çatışmazlığı, serebral iflic, Parkinson, demans və s. kimi xəstəliklərin riskini azaldır.
Bu vitaminin piylənmə və şəkər xəstəliyinə qarşı qoruyucu təsiri olduğu da müəyyən edilib.//bakupost