Təcili Yardımın işçisi qolunu doğradı-VİDEO
4 saylı Təcili Tibbi Yardım Stansiyasında işçi ilə baş həkim arasında insident baş verib. Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı qolunu doğrayaraq intihara cəhd edib.
Təcili Yardım Stansiyanın əməkdaşı Mirəziz Əzizov tibb müəssisəsində kifayət qədər nöqsanların və qanunsuzluqların baş alıb getdiyi barədə baş həkim Yusif Musayevə məlumat verib.
Stansiya rəhbəri isə neqativləri açıqladığı üçün tibb işçisini işdən çıxarmaqla hədələyib. Üstəlik kollektivi ona qarşı yönəldib. Haqsız yerə işdən çıxarılmasına etiraz edən Mirəziz Əzizov isə damarlarını doğrayaraq həyatına son qoymağa çalışıb.
Məsələ ilə bağlı TƏBİB-dən "Azərbaycan Reallığı"na bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin sürücüsü Əzizov Mirəziz Mirabbas oğlu stansiyada baş verən neqativ hallarla bağlı yerində yoxlama və araşdırmanın aparılmasının təşkil olunması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.
Sözügedən şəxsin şikayətləri nəzərə alınaraq onunla TƏBİB-də görüş keçirilib və narazılıq bildirdiyi məqamlar dinlənilərək qeydə alınıb, eyni zamanda araşdırılıb.
Qeyd edilən 4 saylı bölməyə baxış keçirilib, yerində araşdırma aparılıb. Heç bir əsaslı nöqsan aşkar edilməyib.
Bundan başqa, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyi tərəfindən şikayətdə adları çəkilən şəxslərin iştirakı ilə geniş tərkibdə iclas keçirilib, qeyd olunan iddiaların araşdırılması təmin edilib.
Hazırda TƏBİB-in Daxili nəzarət və monitorinq departamenti tərəfindən də məsələnin geniş araşdırlması həyata keçirilir.
Bundan əlavə, intihara cəhd edən Mirəziz Əzizovun Yasamal Rayon Prokurorluğuna çağırıldığı bildirilir.