sehiyye.info

Bu xəstələrin sayı sürətlə artır: kişilər qadınlara nisbətən...

Bu xəstələrin sayı sürətlə artır: kişilər qadınlara nisbətən...
Xalq arasında "qocalıq xəstəliyi" kimi tanınan və dövrün ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson 2040-cı ildə 12 milyondan çox insanın həyatına təsir edə bilər.

Sehiyye.info xəbər verir ki, Parkinson xəstəliyinə həssaslığı artırmaq və bu xəstəliyə qarşı mübarizəyə diqqəti cəlb etmək məqsədi ilə 11 aprel “Ümumdünya Parkinsonla Mübarizə Günü” kimi qeyd edilir.

Son illərdə bütün dünyada sürətlə yayıldığı üçün mütəxəssislər tərəfindən bir növ “epidemiya” kimi qələmə verilən xəstəlik ilk dəfə 1817-ci ildə Londonda həkim Ceyms Parkinson tərəfindən təsvir edilmişdir.

Bildirilir ki, Parkinson xəstəliyi beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində meydana gəlir. Ən çox görülən simptomları "əzələ sərtliyi, hərəkətdə çətinlik və titrəmə" olan xəstəliyi tam sağaldan heç bir müalicə üsulu yoxdur.

Parkinson Fondunun məlumatlarına görə, bütün dünyada Parkinson xəstəliyi ilə mübarizə aparan insanların sayı artıq 10 milyonu keçib. Məlumatlar göstərir ki, kişilərdə xəstəliyə yoluxma qadınlara nisbətən 1,5 dəfə çoxdur. Bundan başqa, xəstəliyə yoluxanların əksəriyyəti 60 yaşdan yuxarı insanlardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Parkinsonda əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətli artır.

Məlumdur ki, xəstəlikdən ölənlər 2019-cu ildə 2000-ci illə müqayisədə 100 faiz artaraq 329 min nəfərə çatıb.

Aclıq, iqlim dəyişikliyi və xəstəlik kimi qlobal problemlərə dair elmi məlumatları dərc edən “Our World in Data” internet saytının məlumatına görə, Avropa qitəsi 2019-cu ildə Parkinson xəstəliyindən ölüm hallarının ən çox baş verdiyi yerlər sırasındadır. Yunanıstan "Parkinson xəstəliyindən ən çox ölən Avropa ölkəsi" olaraq qeydə alınıb.

2019-cu ilin məlumatlarına görə, Yunanıstanda hər 100 min nəfərə 25,2, İslandiyada 15,6, Finlandiyada 15,4, Almaniyada 15,1, İtaliyada 13,9, Albaniyada 12,8, Böyük Britaniyada 12,7, Hollandiyada 12,4, Belçikada 12,3 və Avstriyada 12,32 nəfər düşür. Bu göstərici Yaponiyada 11, ABŞ-da 10,5, Avstraliyada 8,1 olub. Rusiyada Parkinson xəstəliyindən ölümlər digər ölkələrlə müqayisədə 100 000 nəfərə 6,4 nəfər aşağıdır.

Mütəxəssislər xəstəliyə yoluxma və ölüm hallarının sayının artmasını demoqrafik artımla yanaşı, orta ömür müddətinin uzanması ilə əlaqələndirirlər. ABŞ-da hər il 90.000 insan Parkinson xəstəliyinə tutulur. Bu ölkədə Parkinson xəstələrinin sayının 2030-cu ilə qədər 1,2 milyona çatacağı təxmin edilir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, xəstəlik ABŞ-da ölüm hallarının 14-cü səbəbi arasındadır.//publika



REKLAM