sehiyye.info

Zəmanəmizin vəbaları - intihar və xərçəng xəstəliyi

Zəmanəmizin vəbaları - intihar və xərçəng xəstəliyi
Aqşin Yenisey yazır...

Beynəlxalq statistikaya görə, bu gün dünyada hər 40-50 saniyədə bir insan intihar edir. İl ərzində baş verən müharibə və cinayət qurbanlarından daha çox insan - bir milyona yaxın dünya əşrəfi.

Qarşıdan isti yay gəlir, deməli, istirahət mövsümü ilə yanaşı, intihar mövsümü də qaldığı yerdən davam edəcək. “İstinin intihara nə dəxli var, yoxsa siz də pop-korn satan milli Qavroşa “xoruzlanıb” susmağın qızıl yox, rodium (ən bahalı metal) olduğunu sübut edən deputat kimi sosial problemlərin günahını təbiətin üstünə atmaqla intellektual qılığına girmiş avatar olmaq istəyirsiniz?”, – deyə kinayə dolu bir sual verdiyinizi eşidirəm.

İntihar siyahlarına dünyanın ən inkişaf etmiş, sosial problemləri ən az olan ölkələrinin başçılıq etdiyini və ABŞ-ın Xəstəlik Kontrolu Mərkəzinin (CDC) 1999-2016-cı illərdə dünyanın ən zəngin bu ölkəsində intiharların 30 faiz artdığı haqqında hesabatını yada salmaqla sualınızı qəribçiliyə saldığımı düşünməyin.

Nəzərinizə çatdırım ki, bizim kültürdə yoxsulluq, aclıq tanrısı insanı intihara yox, kefə, eyş-işrətə səsləyir; tarix boyunca “aclıq olsun, kef olsun” kimi absurd bir arzu ilə yaşamışıq. Dünyanın bütün xalqlarından fərqli olaraq, aclıq azadlığımızın, toxluq köləliyimizin göstəricisi olub həmişə. Biz ac olanda kişi olmuşuq!

Mönteskyödən üzü bu yana bir çox ağıl dəryaları bar-bar bağırırlar ki, ay camaat, insan psixologiyasına aid nə varsa, hamısının müəllifi iqlim və relyefdir. Mussonlar hər il Cənub-Şərqi Asiyanı xaraba qoymasaydı, Buddizm evlərini, mal-qaralarını sel aparmış yazıq nepal xalqını təbiətə itaət göstərməyə, aza qane olmağa, arzulamamağa çağırmayacaqdı. Yaxud İslam dini tropik Ərəbistan səhralarında deyil, məsələn, İsveçrə Alplarında yaransaydı, bu qədər radikal olmazdı.

Son illərin araşdırmaları da hava tempraturunun 1 dərəcə qalxması nəticəsində intiharların ABŞ-da yüzdə 0,7, Meksikada isə yüzdə 2,1 artdığını göstərdi. Bu da o deməkdir ki, biz istəsək də, istəməsək də, təbiət epidemiyaların, müharibələrin zəruriliyinə haqq qazandıran alman filosofu Maltusun tərəfindədir; həyat öz davamlılığını qorumaq üçün sayı sürətlə artan məməli növünü - insanı qurban verir.

İntihar və xərçəng zəmanəmizin vəbalarıdır.

Bütün sui-qəsdlər kimi intihar da, səbəblərindən asılı olmayaraq, əvvəlcədən planlaşdırılmış, doğuracağı nəticələr hesablanmış, hədəfləri təyin edilmiş, mənəvi-psixoloji hazırlığı dəfələrlə yoxlanılmış özünəhücum, özünətəcavüz cəhdidir. Səbəb nə olursa-olsun, intiharın məqsədi daha yaxşı olana qovuşmaqdır. Və bu istək, yəni “daha yaxşı olana qovuşmaq” istəyi mədəniyyətin ruhundakı vəhşiliyi bəsləyən utopik bir gözləntidir.

Din və ədəbiyyat nəzəri olaraq intihara qarşıdır, ancaq intihara yol göstərən mədəniyyət ünsürləri arasında din və ədəbiyyat qədər canfəşanlıq edəni də yoxdur. Dinin əsas missiyası insanı “daha yaxşı olana qovuşmaq” üçün səfərbər etməkdir və bu səfərbərlik tarix boyunca həmişə başqalarına hücum etməkdən ötrü misilsiz güc mənbəyi olub.

“İnsandan daha yaxşı olan Allaha”, “həyatdan daha yaxşı olan cənnətə” qovuşmaq ideyası həmişə insanın ağzını sulandırıb və insan bu ağız suyunu həmişə öz növünün qanına qarışdıraraq əbədi xoşbəxtlik “kokteyli” hazırlayıb. Yazının əvvəlində “istirahət” sözü ilə “intihar” sözünü təsadüfən cütləmədik. Günümüzdə baş verən intiharların əsas hədəfi “əbədi istirahət” bileti qazanmaqdır. Ölümdən sonrakı həyatın gözəlliyi haqqında isə dini kitablardan başqa heç yerdə məlumat yoxdur.

Günümüzün heç bir turizm reklamı müqəddəs kitablardakı cənnət təsviri ilə rəqabətə girə bilməz.

Poeziya isə hər şeyin xəyalının özündən gözəl olduğunu söyləyir. İstənilən lirik şair bizi bir an öncə yediyimiz pitini bitirib özümüzü öldürməyə səsləyir. Dünya şeiri qadın haqqında mazoxistcəsinə yazılmış “Yoxluğun səndən gözəldir”, “Atdım özümü yoxluğuna”, “Yoxluğun evim kimidir” və s. bu cür gic-gic misralarla doludur.

Xəyali və gerçək olmasından asılı olmayaraq, gözəllik hər yerdə qurban tələb edir, ona qovuşmağın bir yolu var: ya öləcəksən, ya öldürəcəksən! Şəxsən mən Dostoyevskinin dünyaca məşhur olan gözəllik anlayışını heç vaxt başa düşməmişəm. Bəlkə də, “Dünyanı gözəllik xilas edəcək”, ancaq bu, həmişə insanın canı bahasına olacaq!

Ölümdən sonrakı həyatla intihardan sonrakı həyat eynidirmi insanın metafizik gözləntilərində?
İntihar, həqiqətənmi, ölüm kimi adi bir sonluqdur, ya biz intiharla yeni bir şeyləri başlatdığımızı düşünərək romantik bir illüziyaya qapılırıq?

Statistik araşdırmalar göstərir ki, intihar edənlərin çoxu özlərini öldürməklə bu dünyadakı məqsədlərini hədəfləyirlər. Ölüm yalnız intihar şəklində baş tutduqda bioloji akt olmaqdan çıxaraq, sosial, siyasi, fəlsəfi, hətta sinfi məna qazanır. Dövlətlərin, dinlərin, ailələrin sözdə intihara qarşı olmasının səbəbi də ölümün bu şəkildə mənalandırılmasıdır. İntihar özlüyündə “sosial, siyasi, fəlsəfi, hətta sinfi” məna daşımasaydı, heç vaxt bu qədər populyar olmazdı.

İntihar ölümü şöhrətləndirən bir əməldir. İntihar Verter kimi sıradan bir gənci, Anna Karenina kimi heç bir özəlliyi olmayan qadını dünyaya tanıtdı. Hələ mən bizim “rus ruleti” kimi tanıdığımız, amma rus yazıçısı Boris Akuninin “Amerikan ruleti” dediyi, “aşk uğrunda” həyatını mərcə qoyub tapançadakı təsadüfi güllə ilə öz başına atəş açan XIX əsrin yüzlərlə Qərb gəncini demirəm.

Demək istədiyim odur ki, intihara təşviq edən 800-ə yaxın səbəbin içində kasıblıq, bəlkə də, ən sonuncular arasındadır.

Hər bir dövlətlə vətəndaşı arasında hissolunmaz intim bir bağ var: hər bir dövlət öz vətəndaşının bədənini özünün invertarı hesab edir: işlək və fayda verən bir qurğu kimi. O istəmir ki, bu “qurğu” təsadüf nəticəsində sıradan çıxsın, hələ özü-özünü məhv etməsini heç istəmir. Odur ki hər bir dövlət intihar cəhdini “psixoloji zəiflik”, “problemdən qorxmaq” kimi şəxsiyyəti qınaq obyektinə çevirən təsbitlərlə aşağılayır. Dövlətin vətəndaş sevgisi humanitar romantikaya deyil, fizika qanunlarına əsaslanır. Heç bir dövlət FİƏ-si (Faydalı İş Əmsalı) aşağı olan vətəndaşına aşiq olmaz. Dövlət insanı öz mənfəətinə görə sevər, buna görə intihara qarşıdır.

Hətta əsir götürülmüş adamın belə intihar etməsi dövləti “əsəbiləşdirir”: əsir də olsa, onunkudur axı. Üstəgəl, əsirin özünü öldürməsində bir az da özbaşınalıq, azad seçim iradəsi var. Ona görə də II Dünya Müharibəsində faşist zabitləri intihar etmək istəyən bir yəhudi əsir gördükdə, onu öz taleyi üzərində azad iradəsini həyata keçirməsinə macal vermədən özləri güllələyirdilər; həm də ölmək başqa, öldürülmək başqa. Kamyu deyirdi ki, öldürülmək təhqirin ən ağır formasıdır. Yaxud nə qədər gülməli səslənsə də, hakimiyyəti illərində Mussolini öz ölkəsində intiharı qadağan etmişdi, içində “intihar” kəlməsi keçən hər şeyi də, o cümlədən.

Dinə gəlincə, bütün dinlər nəzəri olaraq intihara qarşıdır, yalnız yaponların dini şintoizm aristokrat yaponlara şərəflərini itirib yaşamaqdansa, özlərini öldürmələrinə icazə verir. Təsadüfi deyil ki, yapon adətləri arasında xarakiri deyilən məşhur intihar ənənəsi var.

İnanclar intiharı “əmrə boyun əyməmək”, Tanrının yerinə qərar vermək kimi asi əməl olduğu üçün günah sayırlar. Qədim Şərq idealist təlimlərində də intihar qadağan idi. Məsələn, sufilər hesab edirdilər ki, hər bir sufi Şər allahının əzablarına axıracan dözməlidir. Əgər dözməyib intihar edirsə, deməli, mübarizədən qaçır və belə qorxaq ruh yenidən göylərə qayıdıb həqiqi tanrıda təcəlla edə bilməz. Dinlə dövlətin fərdə münasibəti aşağı-yuxarı eynidir: faydalılıq prinsipini dövlət qanuniləşdirdiyi kimi, din də ilahiləşdirir.

Cəmiyyətə gəlincə, intihara münasibət birmənalı deyil; kimi intiharı azad iradənin qələbəsi, kimi iradəsizlik, kimi ağılsızlıq olaraq dəyərləndirir. Hətta intihar etmək üçün binanın damına çıxan insana yerdəkilərin “kişisənsə, at özünü” deyə bu aktı əyləncəyə, küçə şousuna çevirənlər də olub. Bu cür əyləncəli təhrikə görə 2018-ci ildə Türkiyədə iki qadın həbs olundu.

İşin elmi tərəfinə keçməzdən əvvəl sizə Emil Dürkheym adlı fransız sosioloqundan danışmaq istəyirəm. 1858-ildə Paris yaxınlığında doğulan bu alim daha çox ictimai həmrəylik, intihar, hüquq və ənənələrin “fiziologiyası”, din və əxlaq kimi məsələlərin araşdırıcısı kimi tanınır.

Dünyada intihar haqqında statistikaya əsaslanaraq yazılmış ilk əsərin müəllifidir. Dürkheymə görə, əgər intihar hadisəsi baş veribsə, deməli, cəmiyyət öz fərdləri üzərində nəzarətini itirib (sözsüz ki, burada söhbət ciblərinə daş doldurub özünü çaya atan Virciniya Vulf kimi dahilərin intiharından getmir). Əlverişsiz ictimai şərtlər birini caniyə, o birini oğruya, başqa birini dahiyə çevirdiyi kimi, digərini də özünə qəsd etməyə məcbur edir. Ruhi xəstəliklər, sərxoşluq və psixo-genetik xüsusiyyətlərlə intihar arasında zəruri bir əlaqə yoxdur. Ruhi xəstəliklərə qadınlarda daha çox rast gəlinir, halbuki kişilər say etibarilə daha çox intihar edirlər. Yaxud yəhudilərdə dini fanatizm dəlilik həddində olsa da, onlarda intihar nisbəti aşağıdır. Almaniyanın bəzi bölgələrində digərlərinə nisbətən daha çox spirtli içki içilir, amma sərxoşlar arasında intihar halları, demək olar ki, yoxdur, hansı ki, Hindistanda özünü öldürənlərin yüzdə qırxı dilinə heç vaxt içki dəyməyən qadınlardır.

Dürkheym intiharçıları üç növdə təsnifatlaşdırır və birinci yerə eqoistik intiharları qoyur. Fərd bağlı olduğu dini icma, cəmiyyət, ailə tərəfindən diqqətsizlik gördükdə ikisindən birini – ya özünü, ya da mənsub olduğu qrupu günahlandırır və ikisindən birini cəzalandırmaq fikrinə düşür. Dürkheym yazır ki, Avropa dindarları arasında ən çox özünü təklənmiş hiss edənlər protestantlardır. Onun xristian aləmində hər milyon nəfər əhaliyə düşən intihar statistikası belədir: Protestant cəmiyyətlər - 190 intihar, protestant və katoliklərin qarışıq olduğu cəmiyyətlər - 96 intihar, Katolik cəmiyyətlər - 58 intihar.

Dürkheym bunun səbəbini protestantların katoliklərə nisbətən daha azad və daha duyğulu olmalarında görür və əlavə edir ki, eyni din mənsubu olmalarına baxmayaraq, subaylar arasında özünəqəsd halları evlilərdən çoxdur. Dürkheym subaylığın sultanlıq olduğunu rədd edir.

İkinci yerdə Altruistik intiharlar gəlir. Dürkheym hesab edir ki, fərd yalnız cəmiyyətdən qopduğu, özünü yalnız hiss etdiyi üçün deyil, cəmiyyətə, ailəyə çox bağlı olduğu zaman da intihar edə bilər və buna misal olaraq, Hindistanda əri ölən qadınların həyat yoldaşlarının dəfnində özlərini yandırmalarını göstərir. (Bizim arvadlar yalnız mafənin arxasınca, “Bizi qoyub hara gedirsən, ay Qəzənfər” deməklə işin içindən çıxırlar). Altruistik intiharların əsas məqsədi özünü özündən daha qiymətli olana qurban verməkdir. Bəzən buna dini inanc, əxlaq şərtləri də kömək edir. Atasının ölümünə dözməyib özünü təndirə atan adama başqaları həmişə hörmətlə yanaşdığı üçün altruistik intiharlar şöhrətə meyilli gənclər arasında daha geniş yayılıb.

Dürkheym üçüncü yerə Anomik intiharları qoyur. İqtisadi böhranlar, yaxud sıçrayışlar, ictimai kirliliklər, yaxud dəyişikliklər zamanı fərd bütün dünyasının alt-üst olduğunu düşünür. Qarışıq xəyalların və düşüncələrin məngənəsində çabalayır. Çıxış yolunu isə özünü bu qarmaqarışıqlıqdan xilas etməkdə görür. Bəzi fikirlərin əksinə, Dürkheym də yoxsulluğun özlüyündə intiharlara səbəb olmadığını bildirir. Çünki statistikaya görə, yoxsulluq ucbatından özünü öldürənlərin sayı həmişə az olub. Təsadüfi deyil ki, bu gün kasıblar ölkəsi olan Şimali Koreyadan fərqli olaraq, var-dövlət içində üzən Cənubi Koreya intihar hallarına görə dünyada ilk yeri tutur. Səbəb isə çox texnolojidir. Cənubi Koreyada həyat tempi o qədər sürətlidir ki, bu tempdən bir neçə gün kənar düşən, məsələn, işdən çıxarılan Cənubi koreyalı özünü artıq vaxtı keçmiş, gərəksiz biri hesab edir. O, daha arxadan heç kimə çata bilməyəcəyini düşünür.

Çünki artıq bu iki-üç gün ərzində həyat ondan çox uzaqlaşır. Onu irəlidə, bəlkə, artıq heç xatırlayan da yoxdur. Ölkədə gedən sürət yarışı onu çoxdan unutdurub. Beləliklə, o, bu texnoloji əzaba son qoymalıdır. Cənubi koreyalı elə belə də edir: özünü ilişib qaldığı uğursuz nöqtənin əbədi “sakininə” çevirir.

Baxmayaraq ki, hər gün mediamızda, ən azı bir nəfər Azərbaycan vətəndaşının intihar etdiyi haqqında xəbərlər oxuyuruq, universitetlərimiz, elmi-tədqiqat institutlarımız digər mövzularda olduğu kimi, bu mövzuda da özlərini şadlıq sarayı kimi aparırlar; nə bir araşdırma var, nə bir təbliğat var. Bu arada, “pop-korn satan uşaqlara kömək edin, yol göstərin. Deputatlar özləri-özlərinə, onsuz da, bir yol tapacaqlar”.



REKLAM