sehiyye.info

Gündə nə qədər küncüt yemək olar? - Araşdırma

Gündə nə qədər küncüt yemək olar? - Araşdırma

Hələ qədim zamanlardan küncüt kulinariyada və kosmetologiyada geniş istifadə edilib. Ondan hazırlanan piroqlar və şərablar elit təbəqənin süfrəsini bəzəyib. Küncütün vətəni cənub ölkələri sayılır. Çünki o, istilik sevən bitkidir. Ehtimallara görə, mədəni bitki kimi, ilk dəfə Şimali Afrikada əkilib. Yavaş-yavaş Asiyaya yayılıb, beləcə, gəlib Qafqaza da çatıb.

Geniş əkin sahələrini küncüt üçün ayıran ilk insanlar hindlilər və pakistanlılardır. Bitkinin hündürlüyü 80-110 sm arasında dəyişir. Müxtəlif növləri var. Birillik və çoxilllik bitki kimi əkilir. Çiçəyinin ömrü 1 gündür. Kulinariyada ən geniş yayılmış növü “ağ küncüt”dür. Minerallarla və vitaminlərlə zəngin “qara küncüt” isə tibbdə daha çox istifadə edilir. Onun köməyilə bir çox xəstəlikləri sağaltmaq mümkündür. “Qəhvəyi küncüt” şirniyyatların hazırlanmasında ən uyğun seçimdir.

Gündə nə qədər küncüt yemək olar?

Yaxşı olar ki, həddən artıq yeməyəsiniz. Sutkalıq norma 3 xörək qaşığı qədər olmalıdır. Emala məruz qalmış küncüt orqanizm tərəfindən daha asan mənimsənilir. Çiy halda bəzən ürəkbulanma da verir. Yaxşı olar ki, küncütü səhər acqarına qəbul edəsiniz.

Küncütün faydaları.
Saçlara faydası: Tərkibindəki faydalı yağlar sayəsində saçların böyüməyini stimullaşdırır. Mütəmadi olaraq, küncüt qəbul edənlərin saçları tökülmür.
Zülal mənbəyi: Bitki mənşəli zülallar əvəzolunmaz amin turşularına malikdir. 100 qr küncütdə 19 qr zülal var. Bu da küncütü əzələlər üçün, dolayısı ilə, bütün orqanizm üçün faydalı edir.
Xərçəngin profilaktikasında: Küncütdə yüksək miqdarda maqnium var ki, o, şiş əleyhinə çıxış edir.
Qanda şəkərin səviyyəsini aşağı salır: Küncüt qanda qlükozanın səviyyəsinə əla nəzarət edir. Qəfil insulin çatışmazlığının meydana çıxmasının qarşısını alır, halsızlığı aradan qaldırır.
Ürək xəstəliklərinin profilaktikasında: Küncüt toxumlarının tərkibində faydalı yağlar var. Bu yağlar pis xolesterinin səviyyəsini aşağı salır, ateroskleroz riskini azaldır.
Anemiya zamanı: Küncüt dəmirlə zəngindir. Bu da onun anemiyanın profilaktikasında istifadəsini mütləq edir.
Revmatoid artritin müalicəsində köməyi: Bitkinin tərkibində mis və antioksidantlar var. Sözügedən patalogiya zamanı iltihablanmanın azalmasına kömək edir, xəstəhallığı azaldır.
Respirator xəstəliklər zamanı: Küncüt toxumları viruslarla, qriplə və soyuqdəymə ilə mübarizə aparmaqda orqanizmin ən yaxın köməkçilərindəndir. Xəstəliyin asan keçirilməsini təmin edir.
DNT-ni qoruyur: Tərkibindəki semazol adlı antioksidant ilə hüceyrələrin keşiyində dayanan küncüt onları vaxtsız ölümdən və toksinlərin yetirdiyi xəsarətlərdən qoruyur.
Həzm sistemini dəstəkləyir: Küncüt toxumu qida lifi ilə zəngindir. Liflərin bağırsağın işini normallaşdırdığı artıq heç birimizə sirr deyil. Həmçinin, bağırsaq əzələlərini daim elastik olmağa məcbur edən liflər qəbizliyin əmələ gəlməsinə mane olur, köpü yox edir.
Sümüklərin sağlamlığına zəmanət verir: Zəngin kimyəvi tərkibi ilə küncüt toxumu sümük toxumalarının böyüməsini və gərilməsini təmin edir. Malik olduğu sink isə sümüklərin özünübərpasında əsl köməkçidir.
Ağız boşluğunun sağlamlığının keşiyindədir: Küncüt toxumundakı yağ dişlərin emalını parlaqlaşdırır. Bu isə, öz növbəsində, dişlərin kariesdən qorunmasına və diş ərpinin yığılmamasına xidmət edir.


Küncüt toxumunun müxtəlif xəstəliklər zamanı istifadəsi.
Bayaq da qeyd etmişdim ki, bir çox xəstəliklərin müalicəsində küncüt toxumu istifadə edilir. Əksər hallarda, məhsul iltihab əleyhinə vasitə kimi çıxış edir və immuniteti yüksəldir.
Şəkərli diabet zamanı. Demişdim ki, küncüt qanda şəkərin səviyyəsini nizamlayır. Buna görə də, şəkərli diabetdən əziyyət çəkənlər bu məhsulu rasionlarına daxil etməlidirlər. Onun qlikemik indeksi 35-dir. Sutka ərzində salatlara, yaxud toyuq əti ilə bişirilən yeməklərə 2 çay qaşığı həcmində küncüt toxumu qatmaq olar.
Pankreatit zamanı. Bu halda 30 qramdan çox küncüt yemək olmaz. O, yetərincə kalorilidir və çətin həzm olunur. Xəstəliyin kəskin halında küncütün qəbulu dayandırılsa, yaxşı olar.
Qastrit zamanı. Mədə iltihablanması zamanı küncüt toxumundan imtina etmək məsləhətdir. Çünki o, çətin həzm olunduğuna görə, mədədə ağrılara və ürəkbulanmaya səbəb olur.
Bağırsaqlar üçün. Bağırsaqlara faydalı olan küncüt onun işini normallaşdırmaqla yanaşı, lazımi fermentlərin ifrazını dəstəkləyir. Məhz bu fermentlər qidaların mənimsənilməsini asanlaşdırır, onların lazımi orqanlara çatmasını təmin edir.
Qəbizlik zamanı. Bu xoşagəlməz problemi də küncütün köməkliyi ilə həll etmək mümkündür. Tərkibindəki qida lifi bağırsaqların elastikliyinə xidmət edir, bağırsaq divarlarında hər hansı problemin əmələ gəlməsinin qarşısını alır. Küncüt toxumları bağırsaqları toksinlərdən təmizləyir.
Podaqra zamanı. Sözügedən xəstəlik zamanı sidik turşusu oynaqlarda və yumşaq toxumalarda yığılır. Unutmaq olmaz ki, küncüt toxumunun tərkibində oksalat var. Oksalat podaqranı kəskinləşdirə bilər. Yəni, podaqra zamanı küncüt toxumunu qəbul etmək ancaq həkim nəzarətində, onun müəyyən etdiyi ölçüdə olmalıdır.
Babasil zamanı. Küncüt toxumundan məhlul hazırlamaq, onu nahiyəyə tətbiq etmək olar. 2 xörək qaşığı toxumu 500 ml qaynar suya qatın. Hardasa, 5 dəq qaynadın. Məhlulu ilıq halda nahiyəyə tətbiq edin.
Sümüklər üçün. Küncüt kalsiumla və sinklə zəngindir. Bu elementlər sümük toxumalarının sağlamlığı və böyüməsi üçün vacibdir. İstər uşaq olsun, istər böyük, mütəmadi olaraq, qəbul edilən küncüt toxumları osteoporoz riskini aşağı salır, sümük qırılmalarının intensivliyini azaldır.
Qadın orqanizminə faydası. Küncüt toxumu qadınlarda endokrin sistemin işini tənzimləyir. Bu sistemin normal işləməsi qadın orqanizminin sağlamlığı deməkdir. Küncütdə fitosterinlər var. Fitosterinlər dərinin və saçların vəziyyətini yaxşılaşdırır, orqanizmi gəncləşdirir. Həmçinin, küncüt toxumları damar tıxanıqlığını aradan qaldırır, qan dövranını sürətləndirir, immuniteti yüksəldir.
Kişi orqanizminə faydası. Küncüt toxumu kişilərin reproduktiv sağlamlığının keşiyindədir. Potensiyanı yüksəldən küncüt spermatozoidlərin sürətini də artırır. Bitki qədimdən bəri, sonsuzluğun müalicəsində istifadə olunmaqdadır. İdmanla məşğul olduqdan sonra əzələlərin özünübərpasına kömək edən küncüt toxumu orqanizmin müdafiə gücünü yüksəltmək qabiliyyətinə malikdir.
Hamiləlik zamanı. Hamilə qadınların küncüt yeyib-yeməməsi haqqında müxtəlif dünyagörüşlər var. Alimlər küncütün gələcək ananın orqanizminə zərər vurduğu haqqında heç bir sübuta sahib deyil. Ona görə də, bu fikirdədirlər ki, əgər məhsulun qəbulu zamanı individual həssaslıq əlamətləri, məsələn; ürəkbulanma və ya allergiya meydana çıxmırsa, hamilələr öz rasionlarına küncüt toxumu əlavə edə bilərlər. Çünki tərkibindəki mineral və vitaminlərlə küncüt toxumu dölün inkişafını dəstəkləyir. Artıq demişəm ki, bitki dəmir, sink, zülal və kalsiumla zəngindir.
Süd verən analar üçün. Gənc analara küncüt toxumu yeməyə icazə verilir. Çünki südün keyfiyyətini artırır, laktasiyanı stimullaşdırır. Amma burda da bir məsələ var ki, damar problemləri yaşayan qadınlar laktasiya dövründə küncütlə ehtiyatlı olmalıdırlar.
Uşaqlar üçün. Tərkibindəki dəmir ilə küncüt uşaq orqanizminin ən öndə gələn dəstəkçilərindəndir. Anemiyanın profilaktikasında istifadə edilməsinin əsas səbəbi qanyaratma qabiliyyətidir. Uşaqlar üçün sutkalıq norma 1 çay qaşığı küncüt toxumudur. 1 yaşdan yuxarı uşaqlara verilə bilər. Amma ilk vaxtlarda uşağın orqanizminin məhsula qarşı reaksiyasını müşahidə etmək mütləqdir. Yan təsirləri yoxdursa, ürəklə uşağa yedirtmək olar.
Arıqlamaq üçün. Maddələr mübadiləsini sürətləndirdiyindən arıqlamağa kömək edir. Aclığın qarşısını alan küncüt uzunmüddətli toxluq hissi yaratmaqda da mahirdir. Həmçinin, qəbizliyi aradan qaldırır, bağırsaqları təmizləyir ki, bunlar da artıq çəki yığılmasına mane olur. Küncütü salatlara, yeməklərə qatmaq olar, yaxud elə çiy halda yemək olar. Gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı qəbul etməklə artıq çəkidən yaxa qurtara bilərsiniz.

Küncüt yağının faydaları.
Küncüt yağı bitkinin malik olduğu bütün elementlərə malikdir. Hipertoniyanın həm profilaktikasında, həm də müalicəsində küncüt yağından istifadə edilir. Müalicəvi təsir etdiyi xəstəliklər sırasında ateroskleroz, babasil, qəbizlik, osteoporoz da var. Küncüt yağı qan dövranını və metabolizmanı sürətləndirir, qadın və kişi orqanizmini cavanlaşdırır.
Mütəxəssislər və alimlər küncüt yağının faydalarını belə sistemləşdiriblər:
-dərini qidalandırır və nəmləndirir, qırışların, sızanaqların əmələ gəlməsinə mane olur;
-hüceyrələrin regenerasiyasına kömək edir, üz dərisini təravətləndirir;
-sümükləri osteoporozdan və qırılmalardan qoruyur;
-damarları təmizləyir, periferik damarlardakı müqaviməti azaldır, bu da arterial təzyiqin yüksəlməsinə mane olur;
-hüceyrələri sərbəst radikallardan qoruyur;
-iltihab əleyhinə vasitədir, onun köməkliyi ilə artrit ağrılarını azaltmaq, sümükləri möhkəmləndirmək olar;
-liflər bağırsaqların işini normallaşdırır, qəbizliyi aradan qaldırır;
-şişkinliklərdən yaxa qurtarmağa kömək edir;

Küncütü nəylə əvəz etmək olar?
Küncütün malik olduğu tərkibi eynilə tapmaq çətindir. Amma əlinizin altında küncüt yoxdursa, onun əvəzinə günəbaxan tumu da istifadə edə bilərsiniz.

Zərərləri və əks təsirləri:
Əks təsirləri çox nadir hallarda meydana çıxır. Xüsusilə, məhsula qarşı allergiyası olanlar bunu bilsələr yaxşıdır. Çünki allergik əlamətlər hər orqanizmdə individualdır. Amma nəticə eynidir: allergiyası olanlar küncüt yediyi zaman şoka girir, nəfəs ala bilmir. Təbii ki, bu, həyati təhlükə deməkdir.
Mədə-bağırsaq traktatının kəskin xəstəlikləri zamanı küncütdən uzaq durmaq məsləhətdir. Podaqra və qan xəstəlikləri də küncütlə ehtiyatlı davranmaq üçün səbəblər sırasındadır.

Küncütə qarşı allergiyanın simptomları.
Küncütə qarşı allergiyanın spesifik əlamətləri yoxdur. Amma müşahidə olunan əksər durumlar belədir:
-dəridə gicitkən dalamış kimi köpmələr;
-qarında ağrılar;
-ürəkbulanma və ya qusma;
-nəfəs darlığı, təngnəfəslik;
-üzün qızarması;

Küncütün orqanizmə zərər deyil, xeyir verməyini istəyirsinizsə, onu ölçülü şəkildə yeyin. Hamilələr və süd verən analar ölçüyə xüsusi olaraq diqqət etməlidirlər. Kiçik yaşlı uşaqların rasionuna küncüt əlavə etməzdən əvvəl mütəxəssis müşayiəti ilə onun məhsula allergiyası olub-olmadığını yoxlamağı da təxirə salmaq olmaz.

Bahadur Seyidov / Demedia.az



REKLAM