12 il övlad gözləyən müəllimə faciəvi şəkildə öldü - Bakıda ÜRƏKDAĞLAYAN HADİSƏ/YENİLƏNDİ
“Son günlər klinikamızda ağır xəstə yatan Lətafət Şirəliyeva dünən gecə dünyasını dəyişib”.
Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, bu barədə Baku Medikal Plazanın yaydığı açıqlamada bildirilir. Qeyd edilib ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: “Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar ritm, ardınca asistoliya izlənib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır”.
Bu ilin mart ayında “Baku Medical Plaza”da əməliyyat yolu ilə uşaq dünyaya gətirən 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva vəfat edib.
Publika.az xəbər verir ki, əməliyyatdan sonra kəskin ağrıları olan və apendisiti partlayan qadın tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 12 illik övlad həsrətindən sonra ana olan Lətafət Şirəliyevanın həyat yoldaşı Baba Şirəliyev bildirib ki, həyat yoldaşı həkim səhlənkarlığının qurbanı olub.
Belə ki bir neçə gün əvvəl virtualaz.org saytına açıqlama verən B.Şirəliyev bildirib ki, bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Məlum olub ki, qadının qarnına su yığılıb və onun apendsiti partlayıb. Aprelin 8-də təkrar əməliyyat olunan L.Şirəliyeva bir ay müddətində ağır vəziyyətdə reanimasiyada saxlanılsa da vəfat edib.