Azərbaycanda idman zallarında verilən dərmanlar şiş yaradır – Kişilərin həyatı təhlükədə
İdman zallarında bəzi məşqçilər tərəfindən aşkar və ya gizli şəkildə məşqə gələnlərə təklif olunan hormonal preparatlar gənclərin orqanizmində dəhşətli fəsadlar yaradır.
Sehiyye.info xəbər verir ki, bu barədə androloq Namiq İsmayılov xəbərdarlıq edib.
Onun sözlərinə görə, erkən yaşda oğlanlar hormonal terapiyadan istifadə edirlər:
"Məşqçilər məşqin effektini, əzələ kütləsini tez artırmaq, qolları şişirtmək üçün maddi maraqlarını güdərək müəyyən dərmanlar satırlar. Bunlar anaboliklər, steroidlər, samotrop hormonal qrupundan olan preparatlar, "Danabol", "Sustanon", "Somatropin" tip dərmanlardır. Bu dərmanlarla əzələ kütləsi tez şişir, amma oğlanların təbii testosteron sintezi pozulur.
20-30 yaşında gəncə steroid hormonlar vurulursa, onun orqanizmindəki hormonların fəaliyyəti dayanır. Bu da kişilərdə androloji və hormonal pozuntu, sonsuzluq yaradır. Son zamanlar belə dərmanların təsirindən bəzi pasiyentlərin bədənində şişlərin yarandığının şahidi olmuşam. Hətta bir gənc pasiyentimin beynində şiş yaranmışdı".
Namiq İsmayılovun sözlərinə görə, nəinki məşqçilər, hətta həkimlərin çoxu kişilərə hormonal dərmanları düzgün təyin edə bilmir:
"Hansı hallarda hansı hormon yazılmalıdır? Bunu əsasən, andrologiyanın incəliklərini bilən peşəkar androloq və ya endokrinoloq təyin edə bilər. Zalda tibbi savadı məşqçilərin öz maraqlarına uyğu dərman tövsiyə etməsi qadağandır. Bu, kişilərin gələcəyini məhv edə, idmançılarda ciddi pozuntulara, hətta qəfil ölümə də səbəb ola bilər”.//bakupost