sehiyye.info

Xəmir yeməkləri insanlara ziyandır?

Xəmir yeməkləri insanlara ziyandır?
"Xəmir yeməklərinin insan orqanizminə ziyanı var. Məsələn, xəngəl. Xəngəl əgər rafinə olunmuş undan hazırlanırsa və biz onu istehlak ediriksə, həddindən artıq gündə 2-3 dəfə və yaxud bir oturuma 2-3 insanın payını yeyiriksə, artıq ziyandan danışmağa dəyər. Bir də baxır bu xəmir xörəklərini kim yeyir. Şəkər xəstəsi yeyir, qan təzyiqi olan yeyir və yaxud sağlam adam yeyir? Bu hər bir şəxsə istər sağlam qidalanmada, istər müalicədə eyni yanaşmaq olmaz. İndividual yanaşmaq lazımdır. Bu insanın qaraciyərində piylənmə dərəcəsi nə qədərdir, neçə faizdir, insanın mədəaltı vəzində xroniki pankreatit var ya yoxdu və yaxud ürək qan damar sistemi hansı vəziyyətdədir, şəkəri var ya yoxdur və yaxud bu adam sağlamdır, idmançıdır?". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert, baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, xəmir xörəkləri hərəyə bir cür təsir edə bilər: "Məsələn, şəkər xəstələri və digər sadaladığım xəstəlikləri olan insanlara çox pis təsir edə bilər. Amma sağlam adama onun heç bir təsiri olmaz. Amma, bu o demək deyil ki, sağlam adam da oturub onu 500 qram istehlak etməlidir. Yəni, sağlam adam normal şəkildə qida rasionunu aşmayaraq, bir pors yəni, onun yeyəcəyi qədər yeməlidir. 200-250 qramı keçməmək şərtilə, üstündə qiyməsini, onun zülalını, karbohidratlarını, kolori dəyəri yüksək olduğunu da nəzərə alsaq yəni, 200-250 qram istehlak edə bilər".

Ağa Salamov sözlərinə belə davam edib: "Bəzi mütəxəssislər çıxıb deyirlər ki, xəngəl, xaş, düşbərə, gürzə yeməyin, bunu yeməyin, onu yeməyin. Siz elə camaatı acından qırırsınız. Onlar da haqlı olaraq deyir ki, acından ölək, bəs nə yeyək? Bunu deyəndə bunun elmi izahını ortaya qoymaq lazımdır. Əgər qida elmindən anlayışınız yoxdursa, siz bu təhsili almamısızsa ümumiyyətlə, qida elminin təhsilini almayan mütəxəssis çıxıb insanlara qidada "nəyi ye nəyi yemə" deyə bilməz. Onu ancaq həkim və qida mühəndisləri deyə bilər. O da qida kimyasını keçmiş, mikrobiologiyanı bilən, az-çox həkimliyə yaxın olan insanlar. Yəni, hansı ki, qida kimyasını həkim də, mühəndislər də, qida texnoloqları da keçir. Bu adamlar məsləhət görə bilər. Nutroloqlar deyə bilər. Dietoloq elmi yoxdur, nutrologiya var. Oxumuş, ali təhsilli və qida elmindən anlayışı olan, sırf qidanı bilən nutroloqlar bunu deyə bilər ki, bunu ye, bunu yemə. Lakin, Azərbaycanda barmaqla göstəriləcək qədər nutroloq var".

"Xəngəl, düşbərə bizim milli mətbəximizdir. Biz bunu nəyə görə yeməli deyilik?! Xəngəlin növləri var ki, qış gələndə hərə öz menyusuna, bölgəsinə uyğun balqabaqla, qiymə ilə, süzmə ilə, quzu əti ilə və s. seçim edir. Azərbaycanda xəngəl növləri çoxdur. Bu da onu göstərir ki, bizim dədə-babalarımız xəngəl yeyib ölməyiblər, əksinə 90 yaş yaşayıblar.

Xəngəlin hazırlanma texnologiyasından danışdıqda, məsələn, xəmir xörəklərinin xammalı xəmirdir, xəmirin hazırlanma texnologiyası da öz sözünü deyir. Yəni, sağlam xammalla hazırlanmalıdır, desək daha doğru olar. Yəni, biz əla növ undan hazırlasaq, bəli, xəstəyə pis təsir edəcək, amma rafinə olunmuş, kəpək qismi, rüşeym qismi ayrılmış bir undan xəngəl hazırlasaq, orda heç bir vitamin qalmır, boş karbohidrat qalır. Bu əlbəttə ki, xəstələrə zərərli olacaq yəni, ürək xəstəsinə, qaraciyər xəstəsinə, şəkər xəstəsinə və sair. Sağlam adam da çox yeyərsə yavaş-yavaş ona da ağır təsir göstərəcək, qaraciyərində yüklənmə olacaq"



REKLAM