sehiyye.info

ÜST-nin Avropa regionunda hər üç nəfərdən biri antibiotiklərdən reseptsiz istifadə edir

ÜST-nin Avropa regionunda hər üç nəfərdən biri antibiotiklərdən reseptsiz istifadə edir
Bu yaxınlarda aparılan sorğuda iştirak edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun şərq hissəsinə daxil olan 14 dövlətin əhalisinin yalnız üçdə ikisi bildirib ki, onların sonuncu dəfə antibiotiklərlə müalicə kursunu həkim resepti vasitəsilə alınıb. Hər üç nəfərdən biri ya əvvəlki reseptdən qalan antibiotiklərdən istifadə edib, yaxud da onu aptek və ya digər yerdən reseptsiz əldə edib.

Avropa Komissiyası tərəfindən aparılan son sorğunun nəticələrinə görə, bu göstərici Avropa İttifaqına üzv ölkələrlə müqayisədə azı üç dəfə çoxdur.

Sehiyye.info Azertaca istinadla xəbər verir ki, bu ilkin məlumatlar mikrob əleyhinə preparatlara qarşı davamlılıq üzrə Qafqaz və Mərkəzi Asiya daxil olmaqla, regionun şərq hissəsində aparılan yeni tədqiqat nəticəsində əldə edilib.

ÜST-nin Avropa regional bürosunun direktoru doktor Hans Klyuge Ümumdünya mikrob əleyhinə preparatlardan düzgün istifadə həftəsi ilə əlaqədar çıxışında problemin miqyasını vurğulayaraq onu “asta irəliləyən sunami” adlandırıb. O deyib: “Ümumdünya həftəsi – problemin ciddiliyini nəzərə çarpdırmaq, eləcə də insanların bu problemin həllinə yardımçı ola biləcəklərini onlara anlatmaq üçün fürsətdir”.

Təkcə Aİ ölkələrində hər il 35 mindən çox insan antibiotiklərlə müalicəyə təslim olmayan infeksiyalar nəticəsində dünyasını dəyişir.

Rəyi soruşulanların 50 faizi bildirib ki, onlar antibiotiklərdən son il ərzində istifadə ediblər. Bu göstərici Aİ ölkələrində eyni dövr ilə müqayisədə iki dəfədən artıqdır.

Sorğu iştirakçılarının 61 faizi antibiotiklərin virusa qarşı təsirindən xəbərsiz olduqlarını bildiriblər, eyni zamanda, respondentlərin yarıdan çoxu səhvən ehtimal edirdilər ki, bu preparatlar soyuqdəymə zamanı effektlidir. Avropa İttifaqı ölkələrində sorğuda iştirak edənlərin yarısı da eynilə səhvən hesab edir ki, antibiotiklər virusları öldürür.

Doktor Danilo Lo Fo Vonq bu məqsədlər üçün antibiotiklərdən istifadədən çəkindirib. O deyib: “Antibiotiklər soyuqdəyməni müalicə edə bilməz. Adi soyuqdəymə antibiotiklərin təsir edə bilməyəcəyi virus sayəsində əmələ gəlir. Əksinə, onlardan istifadə antibiotiklərə qarşı davamlılığın inkişafı ilə nəticələnə, sizin üçün və digər insanlar üçün problemə çevrilə bilər”.

Həmçinin sorğu çərçivəsində respondentlərə “onlar həddən artıq istifadə zamanı antibiotiklərin effektivliliyinin aşağı düşməsini hesab edirlərmi?” sualı verilib. Rəyi soruşulanların üçdə iki hissəsi bu suala müsbət cavab verib.



REKLAM