sehiyye.info

Fərhad Əsgərov: “Hay-hayla gələn vay-vayla gedər” (hekayə)

Fərhad Əsgərov: “Hay-hayla gələn vay-vayla gedər” (hekayə)
Murtuz həkim ali təhsil aldıqdan sonra bir neçə sağlamlıq ocağında işlədi. Həmin poliklinika və xəstəxanalarda hamı ilə münasibət qurmağa çalışan gənc həkim açığı buna nail də oldu. Fəaliyyət sahələrindəki bütün işlərə can yandırdı, qapıçıdan tutmuş rəhbərliyədək hamıya yarınmağa çalışdı. Beşdəqiqəlik iclaslarda hətta tərifləndi də... Tibb sahəsindəki vəzifə pillələri ilə ildırım sürəti ilə irəliləməyə başladı. Dedi-qodu həvəskarlarının sözlərinə inansaq, güya onun yuxarılarda adamları da var imiş.
Həkim kollektivlərində Murtuzun bu hərəkətlərini birmənalı qiymətləndirmirdilər: bəziləri onun vəzifə düşkünü, bəziləri isə istiqanlı adam olmasını düşünürdülər. Murtuz bütün bu dedi-qoduları bilsə də özünü o yerə qoymurdu. Guya bu işlərdən xəbərsiz idi. Murtuz haqqında əsl həqiqət isə neçə il ötəndən, o, böyük bir xəstəxanaya baş həkim təyin edildikdən sonra üzə çıxdı.
Baş həkim təyin olunan Murtuzun əvvəlki xoş rəftarından, mədəni davranışından, həddən ziyadə istiqanlılığından əsər-əlamət qalmadı, tamamilə dəyişdi, sifəti bozardı. Yəni əsl siması üzə çıxdı. Əvvəllər qulluq göstərmək üçün əldən-ayaqdan getdiyi həmkarlarına yuxarıdan aşağı baxmağa başladı. Özünü görməməzliyə vuraraq, hətta bəzilərinin salamını belə almırdı. Bəlkə də Murtuz həkimin həyat fəlsəfəsi, davranış qaydası başqa cür idi. Bəlkə də düşünürdü ki, axı həmin vəzifəyə çatanadək, necə deyərlər, oddan-alovdan keçib: kimlərəsə yaltaqlanıb, kimlərəsə yarınmağa çalışıb, kimlərin də şəninə “sağlıqlar” deyib, kimlər üçün paydan-pürüşdən aparıb, kimlərəsə... İndi isə sayılıb-seçilən bir tibb ocağına rəhbər təyin edildikdən sonra, çox güman ki, necə deyərlər, həyatın dadını çıxarmaq istəyirdi.
Əl-qolunu çırmayıb “işə” girişdi. “Əvvəlcə evin içi, sonra çölü” atalar sözünü rəhbər tutan baş həkim fəaliyyətinə elə “evin içindən” başladı. Birdən-birə yox, asta-asta (oxucu bunu “usta-usta” da oxuya bilər) ürəyindəkilərini həyata keçirmək istiqamətində möhkəm addımlar atmaq kursunu götürdü. “Asta gedən usta gedər” deyimi onun həyat amalı idi. Heç vaxt tələsməzdi. Hətta bəzən o, özündəki səbrə, hövsələyə qibtə edirdi. Fikirləşirdi: nə yaxşı ki, böyük Allah mənə bu boyda hövsələ bəxş edib. Yoxsa həyatda heç nəyə nail ola bilməzdim.
Murtuz həkim xəstəxananın dörd yüz nəfərdən artıq tibb personalını hissə-hissə, kiçik qruplarla yanına çağırdı. Əvvəlcə xəstəxana rəhbərliyində təmsil olunanları, sonra həkim kollektivini, “təcili tibbi yardım” personalını, daha sonra laborantları, tibb bacılarını, müxtəlif müayinə və müalicə texnikası ilə işləyən işçiləri və s. qəbul etdi. Baş həkim yaşına nisbətən daha böyük təcrübəyə malik olduğundan, hələ gəncliyindən ətrafında baş verən hər şeylə maraqlandığından, necə deyərlər, görüb götürdüyündən və konkret olaraq tibb müəssisələrində haradan nə qədər gəlir gəldiyini əvvəlcədən öyrəndiyindən hələ çox-çox öncə nəzərdə tutduqlarını həyata keçirməkdə çətinlik çəkmədi. Odur ki, xəstəxana heyətində hər fərdin öhdəsinə nə qədər haqq düşdüyünü dürüst hesablayıb onların nəzərinə çatdırdı. Bir məsələni də qeyd edim ki, baş həkim sanitarları, feldşerləri, qapıçıları, xadimələri, xəstələrə xörək hazırlayan yeməkxana işçilərini və başqa aşağı təbəqədən olanları da bu prosesdən kənarda qoymadı. Hətta utanmasaydı, qışı-yayı xəstəxana darvazasının yanında əyləşib xəstəsini ziyarət etməyə gələnlərdən sədəqə diləyən qoca dilənçi qadını da bu işə cəlb edərdi.
Həkimlər də, digər tibb işçiləri də, bir sözlə hamı daldada narazılıq bildirsə də, bir-biri ilə söhbətdə baş həkimin acgözlüyündən danışsa da üzbəüzdə heç kim cınqırını belə çıxarmırdı. Çünki hərənin əmək haqqndan başqa qanunsuz yolla qazandığı bir parça çörəyi vardı: əməliyyat, müayinə, müalicə, dərman pulu, sarğı pulu, xidmət pulu və s. Xəstə ziyarətinə gələnlər qapıçını görməsə xəstəsinin yanına necə düşə bilərlər, yaxud, xəstə üstünə çağırılan “təcili yardım” komandası – həkim, tibb bacısı, sürücü... Axı, onların da öz haqları var. Hərə bir tərəfdən xımır-xımır gəvələyir, deyə, kollektivin heç bir üzvü bu məsələdə “səs ucaltmağı” lazım bilmirdi. İşsiz qalmağın isə nə olduğu hamıya məlum idi.
Murtuz həkim bu “əməliyyatı” başa çatdırıb “evin çölü prosesi” ilə məşğul olmağa başladı. Əvvəlki “keyfiyyətlərini” işə saldı: şəhərdə işi keçən, asılı olduğu vəzifə sahiblərinə, gələcək perspektivdə işi düşə biləcəyi ehtimal olunan şəxslərə hər vəchlə yarınmağa başladı. Hər gün onlara zəng edər, özünə görə bir qulluğun olub-olmamasını soruşar, kimin hansısa bir problemi varsa əlüstü həll etməyə çalışardı.
Heç vaxt axına qarşı üzməyən, həmişə batarkən sahilə çıxmağın üsullarını yaxşı bilən, mövcud zəmanənin yaratdığı hər çətinlikdən baş çıxaran və həmin çətinliklərdən öz xeyrinə istifadə etməyi öyrənmiş Murtuz həkim aylar ötdükcə özünün kommersiya işlərini də sahmana salırdı. Yarınmağa çalışdığı vəzifə sahibləri ilə qurduğu əlaqələr sayəsində xəstəxananın ətrafındakı ərazidə özünə bir neçə əczaxana da açdırdı. Xəstəxanaya verilən, hətta xüsusi kateqoriyalı xəstələr üçün nəzərdə tutulan pulsuz dərmanlar hesabına əczaxanaları tibbi preparatlarla doldurdu. Gəlirlərinin miqdarını heç özü də hesablaya bilməyən Murtuz həkim bir müddətdən sonra əməlli-başlı sərvət sahibi oldu. Başı yalnız çoxlu pul qazanmağa qarışan Murtuz həkim evdə az olurdu. Evə, necə deyərlər, təkcə yatmağa gedirdi.
Murtuz həkim öz “fəaliyyəti” nəticəsində az bir vaxtda şəhərin iki müxtəlif yerlərində özünə ev, şəhərdən kənarda dəniz sahilində yaxşı bir bağ evinə malik oldu. Bir neçə maşın aldı və bu evlərin qarajına qoydu. Bu haqda o, öz tanışlarına, qohumlarına, dostlarına heç bir məlumat vermirdi. Bütün bu layihələri həyata keçirdikdən sonra o, artıq xarici ölkələrin birində ev almaq barəsində düşünürdü.
Murtuz həkimin həyat yoldaşı Mədinə xanım orta məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində işləyirdi. İşin çoxluğundan o da evə yalnız axşamüstü gəlirdi. Evdə də işi çox olurdu. Şagirdlərin dərs davamiyyəti barədə jurnal, müəllimlərin gündəlik dərslərinin keyfiyyətini əks etdirən göstəricilər, təhsil ocağının uçot-hesabat materialları və digər sənədlər Mədinə xanımı ta gecədən xeyli keçənədək məşğul edirdi.
Başçılarının birinin baş həkim və digərinin isə direktor müavini olduğu ailənin bircə oğul övladı vardı. Adı Elşən idi. Orta məktəbin axırıncı sinfində oxuyurdu. Valideynləri çox məşğul olduğundan Elşən sərbəst bir həyat keçirirdi. Evə çoxlu pul gəldiyindən onun üçün pul xərcləməyə heç bir qadağa qoyulmamışdı. Həmyaşıdlarının təsəvvürünə belə gəlməyən sayda pulla təmin edilən Elşən bəlkə də ayda 3-4 min manat xərcləyirdi. Elşənə elə gəlirdi ki, həyatda nə istəsə edə bilər, hətta dünyanın məhvərini də yerindən oynadar. O, çoxlu pul xərcləməyə adət etmişdi. Sinif yoldaşları ilə münasibət saxlamırdı. Onlara təşəxxüslə baxırdı. Heç onların da Elşənlə dostluq etmək istəyi yox idi. Sinif yoldaşları yaxşı bilirdilər ki, Elşən pis əməl sahibləri ilə yoldaşlıq edir. Odur ki, ondan uzaq olmağa çalışırdılar. Valideyn tərbiyəsindən məhrum, özbaşına həyat tərzi keçirməyə məhkum olmuş Elşənin sorağı şəhərin müxtəlif restoranlarından gəlirdi. Belələrini, yəni özü gənc, cibi pulla dolu olanları öz yanlarında görmək istəyənlər hər yerdə var. Vaxt ötdükcə, yəni Elşənin yaşının üstünə yaş gəldikcə ətrafındakı şübhəli “dostlarının” sayı da artmağa başladı. Bəzən evə sərxoş, hətta narkotik maddə qəbul edib gələndə belə başları yalnız öz işlərinə qarışmış valideynləri bunun fərqinə belə varmır, bundan xəbərləri olmurdu.
“Dostları” bir gün Elşəni qumar oyununa cəlb etdilər. Xeyli pul uduzan Elşən nə edəcəyini, bu qədər borcun altından necə çıxacağını fikirləşib dəhşətə gəldi. Belə şübhəli adamların “qumar borcu” məsələsinə necə yanaşdıqlarını o, yaxşı bilirdi. Odur ki, canını qorxu bürüdü. Bu fikirlər, digər tərəfdən də qəbul etdiyi uyuşdurucunun təsiri onu çox qorxunc və görünməmiş qərara sövq etdi. Qumar yoldaşlarına bildirdi ki, atasının çoxlu pulu var.
- Həmin pulları götürə bilsək, – Elşən yoldaşlarını bu təhlükəli işə şirnikləndirdi, - həm sizə olan borcum bir-neçə qat ödənər, həm də özümə xeyli pul qalar.
Sonra Elşən evə necə getməli olduqlarını, nəyin harada yerləşdiyini onlara dəqiqliklə başa saldı.
“Nağıl dili yüyürək olar”, - deyiblər. Xəbər yayıldı ki, Murtuz həkimin evi soyulub. Bu xəbəri “əcəb olub” ifadəsi ilə qarşılayanlar da oldu, şəhərdə görünməmiş hadisə kimi pisləyənlər də. Murtuz həkimim digər evlərində də pulu çox idi. Ancaq təbiətcə son dərəcə acgöz və simic olan baş həkim evində saxladığı külli miqdarda pulun itməsi ilə heç cür barışa bilməzdi.
Bu məsələ hamını təəccübləndirmişdi. Hər şeydən çox təəccüblənən isə hüquq-mühafizə orqanlarının əməkdaşları oldular.
- Günün günorta çağı qapı-pəncərəni belə sındırmadan evə kim girə bilər axı? – Polis rəisi bu sualla Murtuz həkimə müraciət etdi. – Bir kimsədən şübhələnmirsiniz ki?...
Oğurluqda oğlunun əlinin olduğu Murtuz həkimin heç ağlına belə gəlməzdi. Evə kimin, yaxud da kimlərin girməsi barədə heç bir versiyasının olmadığını söyləyən baş həkim portfelindən böyük bir bükülü çıxardı. Onu polis rəisinin mizinin siyirməsinə qoyub dedi:
- Qurban olum, oğruları tez tap!
Təbii haldır ki, siyirməsinə qoyulan bu boyda “sovqatdan” sonra rəis və onun komandası oğruları olduqca tez tapacaqdı.
Allaha çox şükür ki, texnologiya güclü inkişaf edib. Hazırda hüquq-mühafizə işi elə qurulub ki, işin tərkibindən asılı olmayaraq cinayətin üstü əlüstü, yəni isti izlərlə açılır. Bəzi izlərin açılmaması isə, çox güman ki, bu cinayətin üstünün açılmasının istənilməməsindən irəli gələ bilər. Odur ki, bizim bu hekayəmizdəki hadisə də tez yekunlaşdı. Polis əməkdaşları oğruları tez tapdılar. Hər yerdə müşahidə kameralarının qurulduğunu, həm də ki, oğurluğun gündüz saatlarında baş verdiyini və baş həkimin polis rəisinin kabinetində olmasını nəzərə alsaq belə operativlik heç kimi təəccübləndirməz. Bundan əlavə hələ oğruları qonşular da görübmüş.
Proses iştirakçılarının tutulması Elşəni şoka salmışdı. Yaxşı bilirdi ki, “yoldaşları” onu elə ilk sorğu-sualdaca ələ verəcəklər. Əslində də bu işin təşkilatçısı kimi Elşən kənarda qala bilməzdi. Digər tərəfdən Elşən “yoldaşlarının” tutulmasını da istəmirdi. Odur ki, tez atasına zəng edərək evə gəlməsini istədi.
Pulunun qaytarılacağı sorağından əhvalı bir qədər durulan Murtuz həkim evə gələndə oğlunu tamamilə pəjmürdə vəziyyətdə gördü.
- Niyə qəmginsən, - deyə oğlunun kefini açmağa çalışdı. – Sevin ki, oğrular tutulub. Pullarımızı da qaytaracaqlar. Daha mısmırığını niyə sallamısan?
- Ata, - deyə Elşən ağlamsınaraq ona müraciət etdi. – Yanında günahım böyükdür. Məni bağışla!
Elşənin ağlar görkəmi Murtuz həkimi dəhşətə gətirmişdi. Oğlunun bu işdə əli olduğu onun yuxusuna belə girməzdi. Odur ki, soruşdu:
- Nə olub, ay oğul, nəyə görə üzr istəyirsən?
Elşən yaxşı bilirdi ki, valideynlərinin yeganə uşağı olduğu üçün ona heç nə deməyəcəklər. Lakin məsələ təkcə bununla bitmirdi. O, dostlarını elə atasının əli ilə, daha doğrusu pulu ilə qurtarmaq istəyirdi. Buna görə də atası ilə mülayim davranmağı üstün tuturdu.
- Ata, sən Allah bağışla. Bu oğurluqda mənim də əlim var. – Sonra ciddi görkəm alaraq atasını qucaqladı.
Bu mehribanlıq Murtuz həkimi çox mütəəssir etdi. Elşən atasını heç vaxt qucaqlamamışdı. Lakin oğurluqda oğlunun da əlinin olduğunu eşidən baş həkim şoka düşdü. Qulaqlarına inanmadı.
- Necə, necə!
Elşən əhvalatı başdan-ayağa atasına danışdı və onu da əlavə etdi ki:
- Əgər onlar tutulsa, mənim də həbsim labüddür.
Murtuz həkim yenidən polis rəisinin yanına getdi. Əvvəldə verdiyi pul qədər əlavə pul verib, artıq bu dəfə oğruların buraxılmasını xahiş etdi və heç kəsdən şikayətçi olmadığını bildirdi. Bunu yazdığı ərizə ilə də təsdiqlədi.
Əhvalatın bu cür bitməsi bütün tərəfləri qane edirdi. Murtuz həkimin aman-zaman oğlu həbsdə yox, yanında qalmışdı. Oğrular apardıqları pulun çox az hissəsini baş həkimə qaytardılar. Qalanını xərclədiklərini bildirdilər. Elşənin qumarda uduzub verə bilmədiyi borc oğru yoldaşlarının “sxodkasında” silindi və rəis isə bu “əməliyyatdan” ikiqat qazandı.
Qaldı ki, Murtuz həkimin müxtəlif “instansiyalara” xərclədiyi pullar, baş həkimin öz təbirincə desək “pulu həmişə qazanmaq mümkündür”!
Yaxşı başa düşürəm ki, oxucu üçün bu əhvalatın yalnız bir tərəfi qaranlıq qalıb: görəsən atalarımızın bizə miras qoyduğu tutarlı misallardan həmişə özünün xeyrinə istifadə edən Murtuz həkim “hay-hayla gələn vay-vayla gedər” deyimindən nəticə çıxardımı? Bax, elə məni də bu sual düşündürür.



REKLAM