sehiyye.info

Zorakılıq və mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün “Qaynar xətt” yaradılır

Zorakılıq və mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün “Qaynar xətt” yaradılır
Bəzən bu və ya digər uşağın məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalması, nəticədə öz həyatına qəsd etməsi faktları ilə rastlaşırıq. Bu, belə hallarla qarşılaşan uşaqlara daha yaxın olmaq, onlara vaxtında və ehtiyac duyduqları mənəvi-psixoloji dəstəyi göstərmək zərurəti yaradır. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən adekvat cavab tədbiri, eyni zamanda, həmin uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca “Qaynar xətt”in yaradılması nəzərdə tutulur.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan və nümayəndəliyin digər əməkdaşları ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini Prezident İlham Əliyevin sosial xidmətlər sisteminin inkişafına xüsusi qayğısı nəticəsində həmin sistemin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişlənməsi üçün mühüm addımların atıldığını qeyd edib. O, nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası məqsədilə görülən işləri diqqətə çatdırıb.

A.Kərimov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyətindən bəhs edib. Müəssisədə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası, normal həyata dönüşü üçün kompleks işlərin aparıldığını bildirib. Qeyd olunub ki, yaradılması nəzərdə tutulan “Qaynar xətt”də zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.

Nazir müavini yaradılmaqda olan “DOST” Mərkəzlərində sosial işçilərin də fəaliyyət göstərəcəyini və onlar tərəfindən müvafiq şəxslərlə bağlı proaktiv formada sosial xidmətlərin təşkil olunacağını deyib.

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini M.Yuan nazirliyin baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlara kompleks sosial xidmətlərin təmin edilməsi sahəsində gördüyü işlərin əhəmiyyətini diqqətə çatdırıb. O, uşaqlar üçün yeni “Qaynar xətt”in yaradılması ideyasının təqdirəlayiq olduğunu və bu məqsədlə qabaqcıl dünya təcrübəsinə uyğun və çevik iş mexanizmlərinin formalaşması üçün UNICEF-in müvafiq dəstəyi təmin edəcəyini deyib.

Görüşdə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində birgə tədbirlərin gücləndirilməsi, zorakılıq halları baş verdikdə cavab tədbirlərinin görülməsi, eləcə də “Qaynar xətt”in məqsədəuyğun fəaliyyətinin qurulması üçün mütərəqqi praktikaların öyrənilməsi məqsədilə təlimlərin təşkili və s. ilə bağlı fikir mübadiləsi aparılıb.



REKLAM