sehiyye.info

“Hovuzlar dənizdən daha təhlükəlidir” - Açıqlama

“Hovuzlar dənizdən daha təhlükəlidir” - Açıqlama
"Hovuzlarda təhlükə riski çimərliklə nisbətən aşağıdır. Ancaq bu o demək deyil ki, hovuzlardan istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi yanaşmaq lazım deyil”.

Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. O bildirib ki, dəniz və hovuz suyunun insan orqanizminə mənfi təsirini müqayisə etdikdə, hovuz suyu daha təhlükəlidir:

"Dənizdə insan orqanizminə zərərli olan bakteriyalar və digər xəstəlik törədənlər daha azdır, təsirsizdir. Təbii ki, söhbət fəaliyyətinə icazə verliən çimərliklərdən gedir. Lakin hovuza vaxtında və düzgün qulluq göstərilməzsə, insan orqanizminə mənfi təsirləri çox ola bilər. Hovuz suyu mütəmadi olaraq qulluq tələb edir. Suyun filerasiyası, dezinfeksiya olunması, mamır və yosunlara, mikrob və bakteriyalara qarşı dərmanlanma, temperaturun sabit saxlanılması və suyun tez çirklənməməsi üçün ondan istifadə edənlərin təhlükəsizlik qaydalarına riayət etmələrini təşkil etmək lazımdır.

Bir nəfərin hovuza duş qəbul etmədən girməsi suyun təxminən 0.5 faizini çirkləndirmiş olur. Təsəvvür edin, onlarla, bəzən yüzdən çox insan eyni anda hovuzda olur və duşsuz giriblər. Deməli, su çirklənib və artıq təhlükəlidir. Ona görə hovuza girmədən öncə, mütləq duş qəbul etmək lazımdır. Hər hansı xəstəliyi olan, xüsusilə dəri və yolxucu xəstəliyi olanların hovuza girməməsi məsləhətdir”.

Müsahibimiz qeyd edib ki, hovuza gedərkən mütləq dəsmal, baş geyimi, rezin başmaq və.s kimi əşyalar aparılmalıdır:

"Hovuzlarda baş verən əsas qayda pozuntularından biri də azyaşlılarla böyüklərin eyni hovuza girməsidir. Bu yolverilməzdir. Bəzən valideynlər özləri buna razılıq verirlər. Ancaq istirahət mərkəzləri buna ciddi nəzarət etsinlər, valideynlərə xəbərdarlıq etsinlər. Azyaşlılar onlar üçün olan ayrı hovuzda çimməli və onlar üçün nəzərdə tutulmuş atraksionlardan istifadə etməlidir. Həmçinin hovuza spirtli içki qəbul edən şəxslərin girməsi yolverilməzdir. Lakin buna nəzarət edən demək olar ki yoxdur. Əsas diqqət edilməli məsələlərdən biri də nasosxana və sutəmizləyici qurğuların işlək və saz vəziyyətdə olmasına nəzarət etmək, onların digər insanlara təhlükə risklərini nəzərə almaqdır. Valideynlər daha çox diqqətli olmalı, heç bir halda uşaqları nəzarətsiz qoymamalıdır. Ani diqqətsizlik bədbəxt hadisələrə səbəb ola bilər”.



REKLAM