sehiyye.info

Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib

Səhiyyə nazirinin birinci müavini İİV/QİÇS üzrə BMT Baş Assambleyasının iclasında çıxış edib
İyunun 8-dən 10-na kimi videokonfrans formatında BMT Baş Assambleyasının İİV/QİÇS üzrə yüksək səviyyəli iclası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ölkəmizi səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edib.

Çıxışı zamanı Teymur Musayev Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında olduğunu vurğulayıb: “Lakin bu infeksiyanın transsərhəd olmasını nəzərə alınaraq, bu problem ölkəmiz üçün də aktual olaraq qalır”.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 2006-cı ildən etibarən, İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/WHO-nun dəstəyi ilə ölkəmizdə hər 5 ildə bir Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər proqram”ları qəbul olunur. Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Teymur Musayev, həmçinin Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr barədə məlumat verib: “İİV-ə yoluxmada yüksək riskli əhali qrupları arasında İİV-in yayılma səviyyəsinin aşağı salınması; İİV-in anadan körpəyə ötürülməsi hallarının qarşısının alınması; erkən aşkarlanma, müalicə, qulluq və yardım vasitəsilə İİV infeksiyası ilə bağlı ölüm hallarının azaldılması və İİV-lə yaşayan insanların ömürlərinin uzadılması qarşıya qoyulan ilkin məqsədlərdir. Dövlət proqramlarına dəstək üçün dövlət büdcəsindən vəsait ayrılır, bunlardan biri də “Azərbaycan Respublikasında İİV/QİÇS-nin yayılmasının qarşısının alınması proqramı”dır. 2020-ci ilin dekabrında başa çatan son belə proqramda İİV cavabının bütün digər bölmələri ilə birlikdə əhaliyə pulsuz ARV terapiyası, test xidmətləri, əsas qruplar üçün profilaktik müdaxilələr təmənnasız verilir. Hazırda 2021-2025-ci illər üçün növbəti Dövlət Proqramı təsdiqlənmə mərhələsindədir. Hədəflərin 95-95-95-ə çatması, damğalanma və ayrı-seçkilik hallarının aradan qaldırılması, habelə zərərin azaldılması proqramlarının daha da genişləndirilməsi Tədbirlər Proqramına daxildir”.

COVID-19 pandemiyasının İİV-lə mübarizədə planlı tədbirlər də daxil olmaqla, həyatın bütün sahələrinə mənfi təsiri məsələsinə toxunan Teymur Musayev sərt karantin rejiminin və digər məhdudiyyətlərin gözlənilən 90-90-90 hədəfinə çatmaq niyyətinə mənfi təsir göstərdiyini təəssüflə qeyd edib: “Buna baxmayaraq, ölkəmizdə İİV-in analardan övlada yoluxmanın qarşısının alınması istiqamətində müsbət tendensiya müşahidə edilir və 2015-ci ildən bəri İİV-in şaquli yolla yoluxma halı qeydə alınmayıb. Zamanında qəbul edilən qərarlar COVID-19 pandemiyasının ağır şərtlərində ARV terapiyasının davamlılığını və mövcudluğunu, Vərəm/HİV, narkoloji/HİV xidmətləri sahəsindəki xidmətlərin inteqrasiyasını təmin edib”.

Çıxışının sonunda Teymur Musayev Azərbaycan Respublikasının “BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinə nail olmaq” Konsepsiyasının mərhələli şəkildə icra etməsini, İİV infeksiyası ilə mübarizənin səhiyyə siyasəti çərçivəsində əhəmiyyətinin vacibliyini dərk edərək, BMT-nin İİV/QİÇS-lə bağlı Siyasi bəyannamələrinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirdiyini vurğulayıb.

“Azərbaycan İİV/QİÇS-lə mübarizəyə sadiq qalaraq, yeni Siyasi Bəyannamənin qəbul edilməsini alqışlayır və yeni reallıqları nəzərə alaraq, Bəyannamənin qəbul olunacağına ümid etdiyini, 2030-cu ilədək İİV/QİÇS-in aradan qaldırılması hədəfinin həllinə öz töhfəsini verəcək”, - deyə Teymur Musayev fikrini tamamlayıb.



REKLAM